Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Hökumətinin gördüyü tədbirlərə, qəbul etdiyi qərarlara uyğun olaraq bir sıra xidmət sahələrinin iş qrafikində də dəyişiklik edilib. O cümlədən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi də fəaliyyətini ümumi tədbirlər proqramına uyğunlaşdırıb.
Qaynarinfo "Azəriqaz”a istinadən xəbər verir ki, aprelin 6-dan etibarən Birlik Bakı şəhəri üzrə Müştəri xidmətlərini Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı "ASAN xidmət” və Akademik H.Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı "ASAN Kommunal” mərkəzlərində səhər saat 09:00-dan saat 12:00-dək təqdim edəcək.
Birliyin Müştəri xidmətləri üzrə mühəndisləri 5 saylı "ASAN xidmət” Mərkəzində 2 pəncərə üzrə, 1 saylı "ASAN Kommunal” Mərkəzində isə 4 pəncərə üzrə abonentlərin xidmətində olacaqlar. Bundan başqa vətəndaşların müraciətləri Birliyin Mərdəkan, Xırdalan, Sabunçu xidmət sahələrində və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da qəbul olunacaq. Qeyd edilən bütün məntəqələrdə ən zəruri xidmətlər - yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. icra olunacaq.
Şərhlər