Foto 18:12 15.09.2021

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Siyəzəndə təşkil olundu (FOTOLAR)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin sayca 13-cü "Açıq mikrofon" aksiyası Siyəzən rayonunda keçirilib.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, sakinlərin Birliyin baş direktoru Ruslan Əliyevə sosial şəbəkə üzərindən ünvanladıqları çox saylı müraciətlər qısa müddət ərzində rayonun "28 May" adlanan yeni yaşayış massivində "Açıq mikrofon" aksiyasının keçirilməsini zəruri edib.

"Səyyar qəbul otağı"nda vətəndaşların qarşılaşdıqları problemləri rahat şəkildə bildirmələri üçün istənilən şərait yaradılıb. Sakinlər yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini bildiriblər. Hər bir kəsin müraciəti qeydə alınaraq aidiyyatı üzrə yönləndirilib.

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyinin başlatdığı aksiya mərhələli şəkildə bütün ölkə ərazisi boyunca davam edəcək. "Açıq mikrofon" aksiyası təşkil olunan ərazilərin qazlaşdırılması işləri davam etdirilir. Artıq bir neçə ünvanda işlər yekunlaşdırılıb.