Gecə saatlarından etibarən yağan yağış paytaxtın bəzi yerlərində fəsadlara yol açıb. Belə ki, Əhməd Rəcəbli və Füzuli küçələrində su yığılmaları müşahidə olunub.
"Azərsu" ASC-nin mətbuat xidmətinin təhbəri Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü yağış əsasən şəhərin mərkəzində müşahiə olunub və gecə saatlarından etibarən "Azərsu"nun bütün briqadaları ərazilərə cəlb olunub:
"Paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarına çox az yağıntı düşüb, şəhərin şimal hissələrinə, Binəqədiyə, Novxanı tərəfə demək olar ki, yağış yağmayıb. Güclü yağış əsasən mərkəz tərəflərdə müşahidə olunub. Gecə saat 5-dən bizim bütün briqadalarımız, su kanal idarələrinin rəisləri ərazilərdə olublar. Demək olar ki, hər şey qaydasındadır.
Elə yollar var ki, yağış barmaqlıqları yoxdur. Əgər elədirsə, buna mən yox, Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi) cavab verməlidir. Yağış baramaqlıqları varsa, infrastruktur qurulubsa, başqa məsələ.
Məsələn, Əhməd Rəcəbli küçəsində Şəki restoranından Ziya Bünyadov prospektinə qədər olan hissədə yağış barmaqlıqları yoxdur. Həmçinin subasma olan ərazilərdən biri də Füzuli küçəsidir. Park salınanda yağış barmaqlıqları ləğv olunub. Əlavə barmaqlıqlar qoyulub, lakin kifayət qədər deyil. Həmin əraziyə əlavə yağış barmaqlıqlarının quraşdırılması ilə bağlı təklif vermişik".
Çingiz Səfərli
Şərhlər