Xəbər lenti

“Azneft”in baş direktor müavini: “Neft Daşları” bir məktəbdir” (VİDEO)
Video 18:32 07.11.2019

“Azneft”in baş direktor müavini: “Neft Daşları” bir məktəbdir” (VİDEO)

Bu gün dünya neft tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Möcüzələr adası" - "Neft Daşları"nın 70 illik yubileyi qeyd olunur.

"Report"un həmsöhbəti "Neft Daşları”nda əməyi keçənlərdən biri, 20 il burada çalışan Əlimusa Quliyev olub. O, "Neft Daşları”ında keçirdiyi günlərlə bağlı xatirələrini bölüşüb.

Əlimusa Quliyev 1989-cu ildən 2008-ci ilə qədər "Neft Daşları”nda işləyib. 2008-ci ildə "Azneft” İstehsalat Birliyində Tikinti və layihələrin ekspertizası şöbəsinə rəis təyin olunub. 2011-ci ildən İB-nin baş direktorunun tikinti işləri, indi isə tikinti və nəqliyyat üzrə müavini vəzifəsində çalışır.

O, İnşaat Mühəndisləri İnstitutunun Sənaye-mülki tikinti fakültəsini bitirdikdən sonra təyinatla "Neft Daşları”na gedib. "Neft Daşları”na tələbə yoldaşı ilə getsə də, sonradan tələbə yoldaşı geri qayıdır, o isə "Neft Daşları”nda əmək fəaliyyətinə başlayır. O, qısa müddətdən sonra orada fəaliyyət göstərən Neft texnikumunda işdən sonra gecə növbəsində dərs deyir.



"Neft Daşları” bir məktəbdir

Müsahibim "Neft Daşları”nı böyük bir məktəb hesab edir. "Orada ilk gündən insanlardan böyük qayğı görürsən. Elə bil hamı bir ailə idi. Hamı bir-birinə dəstək olur, kömək olurdu”.

Dənizdə çalışmaq həm də güclü küləklə, tufanla da üz-üzə gəlmək deməkdir. Müsahibim deyir ki, "Neft Daşları”nın elə ağır günləri olurdu ki, orada tək nəsə etmək mümkün deyil. O bildirib ki, ən ağır günlərdən biri 1992-ci ilin noyabr ayının 26-da olub. Həmin vaxt dənizdə küləyin sürəti 40 metrdən artıq olub.

"Neft Daşları”nda çətin günlər

Ə.Quliyev həmin hadisəni belə xatırlayır: "Gecə yanğın hissəsindən mənə zəng olundu ki, 203 istiqamətində böyük yanğın var. Mən baş mühəndisə zəng etdim. Yataqxanada işıqlar sönüb, hər yer qaranlıqdır, böyük kompressor təsərrüfatı, qaz-turbin elektrik stansiyası dayanıb, həyəti su basıb. Təsəvvür edin, gecəyarı oyanmışıq dəniz qalxıb. Sözün həqiqi mənasında böyük vahimə idi. Maşın pilləkənə yaxınlaşdı, biz maşına mindik. Biz, üç nəfər - baş mühəndis, mən və şöbə rəisinin müavini estakadaya qalxdıq. Yanğına müəyyən qədər yaxınlaşdıq. Gördük ki, artıq estakada uçub. Estakada uçan vaxtı qaz xətti qırılıb, xətt düşəndə qığılcımdan alov yaranıb, dənizin üzü yanır. Təsəvvür edin, estakada ilə hərəkət etmək mümkün deyil. Bir neçə dəqiqəyə "Neft Daşları”ndakı bütün işçilər oyandı. İlk olaraq mənbədən qaz bağlandı, quyular dayandırıldı. Bir müddətdən sonra alov söndü və gecə ilə qərargah yarandı. Öncə həyati vacib işlərlə bağlı tədbirlər görüldü. Səhər açılanda "Neft Daşları”nın böyük hissəsi uçmuşdu. Belə çətin günlərimiz olurdu. Təsəvvür edin, o vaxt gündəlik 2400 ton olan neft hasilatı tamamilə dayandı, sonra 1000, 1200 -1800 ton səviyyəsinə qədər qaldırıldı. Bu gün "Neft Daşları” gündəlik 3 min ton neft hasil edir”.



"Neft Daşları”nda şərait çox dəyişib

Ə.Quliyev "Neft Daşları” ilə bağlı xatirələrinin çox olduğunu, yaxşı günlərin də sayının çoxluğunu qeyd edir.

O, bu gün "Neft Daşları”nda şəraitin çox dəyişdiyini bildirib.

"Bəzən deyirlər "Neft Daşları” ikinci ömrünü yaşayır. Əslində mən deyərdim "Neft Daşları” üçüncü ömrünü yaşayır.

Bəzi yerlərdə məlumatlar yayılır ki, "Neft Daşları”nda 120 km estakada çəkilib. Əslində çəkilmiş estakadanın uzunluğu daha çoxdur. Bəzi yerlərdə üçüncü dəfədir ki, yollar yenilənir”.

O, son 15 ildə, 2006-2007-ci ildən başlayaraq artıq "Neft Daşları”nda şəraitinin yaxşılaşdığını vurğulayıb. "Məsələn, biz o vaxt "Neft Daşları”nda qalanda təmir yüksək səviyyədə deyildi. Hansısa otaqda televizor olurdusa, hamı o otağa yığılırdı. Əvvəllər bir otaqda 3-4 nəfər qalırdı, indi hər otaqda iki nəfər qalır. Hər otaqda bütün işçilər üçün şərait yaradılıb. Fəhləsinə də, rəisinə də eyni şərait yaradılıb. Bu gün "Neft Daşları”na gələn qonaqlar deyir ki, bura mehmanxanaya bənzəyir”.



"Azneft”-in baş direktor müavini indi böyük abadlıq işlərinin aparıldığını qeyd edib: "Bizim vaxtımızda beşmərtəbəli yataqxana korpusunun birinci mərtəbəsində idman zalı var idi. Amma orada nəfəs almaq mümkün olmurdu, şərait yaxşı deyildi. Bir tennis stolu, bir bilyard var idi, amma növbə çox olurdu. Bu gün isə bütün şəraitləri olan böyük qapalı idman zalımız, süni örtüklü futbol stadionumuz var, vaxtaşırı onlar yenilənir. Bu gün "Neft Daşları”nda şərait bizim gəldiyimiz dövrlə müqayisəolunmazdır”.

O, "Neft Daşları”nın tarixi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dünyada dənizdə neftçıxarmanın əsasının Azərbaycanda başlaması fəxr olunmalı hadisədir: "İndi dünyanın hər yerində dənizdə neft çıxarılır. Amma başlanğıc həmişə çətin olur. Təsəvvür edin ki, heç bir təcrübə, elmi ədəbiyyat olmadan dənizdə neft hasilatına başlanılır. Bu, doğrudan da böyük çətinlikdir”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->