Xəbər verildiyi kimi iki gün əvvəl "Britihs Airways” hava yolları şirkətinin Hindistanın Mumbay şəhərindən Londona uçan təyyarəsi birinci sinif salonda tüstülənmə səbəbindən Bakıya məcburi eniş edib. Təyyarədə yaranmış texniki nasazlıq səbəbindən sərnişinlər şirkətin başqa təyyarəsi ilə mənzil başına yola salınıblar.
Virtualaz.org xəbər verir ki, "The Times of İndia” qəzeti bu reysin sərnişinlərinin Bakı aeroportunda üzləşdikləri problemlər barədə yazıb. Sərnişinlərin arasında Hindistan Dövlət Bankının (State Bank of İndia-SBİ) keçmiş sədri Arundhati Bhattaçarya da olub. O, danışıb ki, təyyarə aeroporta məcburi eniş edəndən sonra sərnişinlərin öz yüklərinə çıxış imkanları verilməyib. Bu da xüsusən müalicə alan və dərmanlarını özləri ilə daşıyan sərnişinlərə problem yaradıb.
"Mən yanımda üç dərman gəzdirirəm, hansı ki, bunları şəkərli diabet, arterial təzyiq və mədəaltı vəzinin xəstəliyinə görə içməliyəm. Lakin mənə dərmanları götürmək icazəsi vermədilər”-birinci salon sərnişinlərindən Mukeş Talrey deyib.
Habelə sərnişinlərə səhər yeməyini də düz-əməlli verməyiblər, onlardan bəzilərinə omlet paylamaqla kifayətləniblər. Sərnişinlər qısamüddətli viza ilə təmin edilmədiyindən aeroportu tərk edə bilməyiblər, habelə Bakı aeroportunun işçilərinin əksəriyyətinin ingilis dilini bilmədiyi üzə çıxıb. "British Airways” şirkəti sərnişinlərə 3 saat ərzində təyyarədəki texniki nasazlığın aradan qaldırılacağını bildirsə də ləngimə xeyli uzun çəkib.
Bhattaçarya qəzetə açıqlamasında bildirib ki, təyyarə axşam saat 9-da aeroporta məcburi enib. Və onlar aeroportun gözləmə salonunda, yerdə yatmalı olublar. Mühəndislər təyyarədəki texniki nasazlığı aradan qaldırsalar da reysə davam etmək mümkün olmayıb. Çünki ekipaj üzvləri 12 saatlıq iş növbəsini başa vurmuşdular. Bu ilin oktyabrında Hindistanın ən böyük bankının sədrliyindən pensiyaya çıxan Bhattaçarya deyib ki, salonda tüstülənmə və kəskin iy nəticəsində təyyarə məcburi eniş edib.
Sərnişinlərdən Mukeş Talrey deyib ki, təyyarə Mumbay aeroportundan 4 saat gecikmə ilə havaya qalxmışdı. "Təxminən 4 saatlıq uçuşdan sonra monitorlar söndü, oturacaqların tənzimlənməsi funksiyası işləmədi və məcburi eniş barədə elan verildi”-o deyir.
Təyyarə Bakıya enəndən sonra sərnişinlərə iki saat göyərtədən çıxmağa icazə verməyiblər. 11.30-da sərnişinlərə aeroportun tranzit zalına keçməyə icazə verilib. Gecə 1.30-da sərnişinlər təyyarəyə geri qaytarılıblar, ancaq 4.50-də onlardan xahiş edilib ki, təkrarən tranzit salonuna qayıtsınlar. Çünki Beyrutdan yeni təyyarənin gəlişinə qədər daha 8 saat gözləmək lazım gələcək. Sərnişinlər aviaşirkət tərəfindən qısamüddətli viza və otellə təmin edilməyiblər. Beləliklə, 20 saat ləngimədən sonra sərnişinlər Bakı aeroportunu tərk edərək Londona uçublar.
Şərhlər