Xəbər lenti

“Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib” – MÜSAHİBƏ
Ölkə 10:57 07.02.2013

“Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib” – MÜSAHİBƏ

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Baku” jurnalının sonuncu (beşinci) sayına müsahibə veriblər.



Prezident: Çox təqdirəlayiqdir ki, yaranışından qısa müddət ərzində “Baku” jurnalı böyük oxucu auditoriyası qazanıb. Jurnalın uğurlarında əsas rolu əlbəttə ki, mövzuların aktuallığı, özünəməxsus tərzi, müasir dizayn və materialların təqdimatı oynayır. Qədim və zəngin Azərbaycanın mədəniyyəti, incəsənəti, qədim adət – ənənələrə söykənən məqalələr jurnalı daha da maraqlı və oxunaqlı edir. Jurnalın təkcə Rusiyada deyil, başqa ölkələrdə də oxunması müsbət haldır.

Birinci xanım: “Baku” jurnalı qısa müddət ərzində nəşr olunmasına baxmayaraq, böyük oxucu simpatiyasını qazanıb. Bu gün ölkəmiz haqqında obyektiv və müsbət informasiyanı xaricdə təqdim edən belə mənbənin olması sevindirici haldır. “Baku” jurnalı parlaq və aydın şəkildə Azərbaycan və onun paytaxtı, bizim məşhur həmyerlilərimiz, Azərbaycan diasporunun görkəmli nümayəndələri, ölkəmizin mədəni həyatının mühüm hadisələri və milli mətbəximiz haqqında məlumat verir. Mən gələcəkdə jurnalınıza daha böyük məşhurluq, daha geniş oxucu auditoriyası arzulayıram.

“Baku”: Ötən 5 il ərzində ölkənin bütün sahələrində aşkar dəyişikliklər göz qabağındadır. Bu gün ölkəniz yüksək inkişaf dinamikası ilə seçilir. Azərbaycan sözsüz ki, regionda lider dövlətdir. Bu uğurun sirri nədədir?

Prezident: Mənim fikrimcə, uğurların sirri ilk növbədə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun davam etdirilməsindədir. Zaman göstərdi ki, bu Azərbaycanı xaos və dağılmaqdan qurtaran yeganə düzgün siyasi kurs oldu. Gəlin, Azərbaycanın müstəqilliyinin ilk illərini xatırlayaq. Ölkədə hərbi-siyasi və mənəvi böhran hökm sürürdü, iqtisadiyyat tamamilə tənəzzülə uğramışdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf dövrünə qədəm qoydu. Siyasi - demokratik institutların bərpası, bazar iqtisadiyyatı və müasir inkişaf başladı. Bütün bunlar, Azərbaycanın dünyada dinamik inkişaf edən ölkələrdən biri olmasına gətirib çıxartdı. Bu gün Azərbaycanda keçirilən siyasi islahatlar azad cəmiyyətin yaranması ilə nəticələndi.
Ölkəmizdə vətəndaşların bütün azadlıqları təmin edilib: söz, vicdan, mətbuat və başqa azadlıqlar. Stabil siyasi sistem, effektli sosial siyasət, zəngin təbii sərvətlər, müasir infrastruktur, əlverişli coğrafi mövqe, təhsil almış gənclik – bütün bunlar ölkəmizin uğur qazanmasında böyük rolu olan amillərdir.

İqtisadi sahədə son illərdə böyük uğurlara nail olmuşuq. Son 8-9 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. İşsizlik problemi demək olar ki, köklü şəkildə həll edilib. Bu gün işsizlik faizi 5,2 faizdir. Biz əsas infrastruktur layihələrini gerçəkləşdirməyə nail olmuşuq. Bütün sosial proqramlar həyata keçirilib. Bu gün neft sektorunun iqtisadiyyatımızın stabilləşdirilməsinə yönələn əsas faktor olmasına baxmayaraq, qeyri-neft sahəsi də uğurla inkişaf edir. Bu il bu sahənin inkişafı 10 faiz təşkil edib. Biz qısa zamanda ciddi iqtisadi islahatlar aparmağa nail olmuşuq. Ölkəmizdə qlobal enerji və nəqliyyat layihələri həyata keçirilir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit reytinqi var. Bütün aparıcı reytinq agentlikləri bizim ölkəmizin inkişafını yüksək qiymətləndirir. Müasir texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ölkəmizin qarşısına qoyulan əsas prioritet sahələrdəndir.

Azərbaycanın strateji inkişafına səbəb olan əsas amillərdən biri kimi regionların sosial-iqtisadi inkişaf proqramını qeyd etmək lazımdır. Bütün regionlarda infrastruktur layihələrinin gerçəkləşdirilməsi və yeni iş yerlərinin açılması prosesi gedir. Regionların sosial-iqtisadi inkişafı proqramının icrasından ötən müddət ərzində 1 milyon 100 iş yeri açılıb ki, onlardan da 800 mini daimidir.

Azərbaycan tarixən müxtəlif sivilizasiyaların birləşdiyi region olub. Bu gün ölkəmizdə bütün mədəniyyət və dinlərin birgə mövcud olduğu əsl tolerant cəmiyyət yaranıb. Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsi ənənə halını alıb. Azərbaycan millətlərarası və sivilizasiyalararası dialoqun keçirilməsində böyük təcrübəyə malikdir. Əminəm ki, bu tolerantlıq bütün dünya üçün nümunə ola bilər və bu ənənə gələcəkdə də ölkəmizdə davam edəcək.

Azərbaycan artıq böyük idman ölkəsidir. İdmançılarımız Olimpiya oyunlarında, beynəlxalq idman yarışlarında böyük uğurlar qazanırlar. Azərbaycan idmanın müxtəlif növləri üzrə Avropa və beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Bütün ölkədə olimpiya idman kompleksləri tikilir. Bu məqamda Avropa Komitəsinin Baş Assambleyasının Birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərarını xüsusi qeyd etmək istəyirəm. Bu mühüm tarixi qərardır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Azərbaycan xarici siyasət sahəsində böyük uğurlara nail olub. Ölkəmizin rolu beynəlxalq miqyasda da möhkəmlənir. Bu gün Azərbaycanın maraqları nəzərə alınmadan regionda heç bir layihə həyata keçirilmir. Biz beynəlxalq təşkilatlar çərçivəsində dünyanın əksər ölkələri ilə uğurlu əməkdaşlıq edirik. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin inkişafının sübutu idi.

Ancaq bütün bunlarla bərabər, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabaş münaqişəsi hələ də öz həllini tapmayıb. Ermənistanın təcavüzkar siyasəti Azərbaycan torpaqlarının 20 faizinin işğalına gətirib çıxarıb. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köşkün düşüb. BMT-nin Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamə işğal olunmuş torpaqlarımızdan erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qeyd olunan qətnamələrdən başqa ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb ediblər. Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll edilməlidir.

“Baku”: Mehriban xanım, cənab prezident tərəfindən sadalananların sirrini nədə görürsünüz?

Birinci xanım: Şübhəsiz ki, Azərbaycanın dinamik inkişafında məqsədyönlü siyasi və iqtisadi islahatların, neft strategiyasının, neft-qaz gəlirlərindən səmərəli istifadənin və güclü sosial siyasətin rolu böyükdür. Bütün bunların mərkəzində insan faktoru dayanır. Hər şey insan üçündür. Onun azadlığını, təhlükəsizliyini, yaşayışını təmin etmək dövlətin əsas vəzifəsidir. Biz 21 ildir ki, müstəqil dövlətik. Müstəqillik – bizim xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sferalarda çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu qədim ənənələrin müasir tendensiyasıdır. Ölkəmizə gələn hər bir qonaq xalqımızın qonaqpərvərliyi və genişürəkliliyinin şahidi olur. Buna ən yaxşı misal ötən il ölkəmizdə keçirilən “Avroviziya- 2012” musiqi yarışmasıdır. Biz təşkilatçılardan belə bir mədəni tədbirin yüksək səviyyədə keçirilməsinə görə layiqli qiymət aldıq. Bütün dünyadan minlərlə qonaq ölkəmizlə tanış oldu, Bakının gözəlliyinə əmin oldu və xalqımızın sülhsevərliyinə, qonaqpərvərliyinə heyran qaldı. Bizim nəslin bəxti gətirib ki, Azərbaycanın böyük dəyişiklik proseslərinin şahidi və iştirakçısı ola bilərik. Sadəcə Vətəni sevmək və onu qiymətləndirmək lazımdır.

“Baku”: Bakı öz əfsanəvi gözəlliyi ilə bütün qonaqları heyran edən mədəni və sivilizasiya mərkəzinə çevrilib. Burada inanılmaz tikinti bumu yaşanır. Siz Bakının müasir görüntüsünü necə xarakterizə edərdiniz?

Prezident: Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Biz bunu görürük, qonaqlarımız da etiraf edir. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı İSESKO-nun islam mədəniyyəti paytaxtı elan edilmişdi. Bu, bizim paytaxtımıza verilən böyük qiymət idi. Bu gün Bakıda genişmiqyaslı infrostruktur layihələri həyata keçirilir. Sevindirici haldır ki, müasirləşən Bakı öz tarixi simasını da qoruyub saxlayıb. Özündə Avropa və şərq arxitekturasını birləşdirən paytaxtımıza gələn qonaqların sayı durmadan artır. Bu gün Bakı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Biz gələcəkdə də Bakının inkişafı üçün tədbirlərimizi davam etdirəcəyik.
Birinci xanım: Mənim üçün Bakı həmişə əvəzolunmaz aurası olan gözəl şəhər olub. Qədim şəhər, Dənizkənarı bulvar, Fəvvarələr meydanı, Neftçilər prospekti, Bakı Venesiyası, Funikulyor – hər bir bakılı üçün bu yerlər artıq kult hesab edilir. Öz sevimli şəhərinin ona layiq olan gözəlliyə qovuşmasını görmək xoşbəxtlikdir. O, necə də təmiz və baxımlıdır. Onun qədim tarixi siması və eyni zamanda tamamilə yeni, müasir siması formalaşır. Yenidənqurma işlərinin mərkəzdən kənarlara çıxması göz qabağındadır. Yarıdağılmış tikililərin yerində Avropasayağı, rahat və gözəl parklar salınır. Qeyri-adi arxitektura, xüsusi mədəni estetikaya malik zonalar yaranır. Məsələn, yaxın gələcəkdə “Baky Art City” layihəsi başa çatacaq. Xəzər dənizinin sahilində Dənizkənarı bulvarın davamında özünəməxsus qalereyalar, salonlar, muzeylər və sərgi meydançaları olan incəsənət mərkəzi yaradılacaq. 20-ci əsrin sənaye arxitekturasının bazasında paytaxtımız üçün tamamilə yeni, yaradıcı ruhu olan mini-şəhərcik yaradılacaq.

“Baku”: Həyatınızda son 5 ildə nə dəyişib?

Birinci xanım: Son 5 ilin ən xoşbəxt, yaddaqalan hadisəsi kimi nəvələrimizin dünyaya gəlməsini hesab edirəm. Uşağın doğulması həmişə böyük xoşbəxtlik və Tanrının nemətidir. Bu, insanın həyatın dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->