"Azərbaycanda internet mübadilə mərkəzinin yaradılması ilə Bakı şəhəri dünyanın internet xəritəsinə əlavə olunacaq”.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransında çıxış edən "AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev deyib.
"Hazırda "Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə dəmir yollarının qorunan zolağı boyunca yeni fiber-optik kabellərin çəkilişi davam etdirilir. Həmçinin Transxəzər layihəsi daxilində Azərbaycan və Asiya üzərində Xəzər dənizindən keçən fiber-optik kabel inşasını nəzərdə tuturuq. Hazırda layihənin icrasına başlanıb. Transxəzər layihəsi iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Azərbaycan Xəzər dənizi üzərindən fiber-optik kabelə Qazaxıstan istiqamətində, ikinci mərhələdə isə Azərbaycandan Xəzər dənizi üzərindən Türkmənistana fiber-optik kabelin çəkilməsi həyata keçiriləcək”, - deyə F. Allahverdiyev qeyd edib.
O həmçinin əlavə edib ki, layihənin ikinci mərhələsində Azərbaycanın regionda ən nəhəng DATA-mərkəzinin inşa olunması nəzərdə tutulur: "Bu mərkəz gələcəkdə internet məzmunu istehsalçılarının yerləşdirilməsi üçün nəzərdə tutulan bir məlumat mərkəzi olacaq. Gələcəkdə Azərbaycan qurulmuş bu infrastruktur üzərindən regionda İnternet mübadiləsi etməklə Bakını da, özünü də dünyanın internet xəritəsinə əlavə edəcək”.
Şərhlər