"Bakı Medikal Plaza" həkim səhvindən öldüyü deyilən Aygün Qurbanova ilə bağlı açıqlama

"Bakı Medikal Plaza" Qurbanova Aygün Bəysafa qızının ölümü ilə bağlı açıqlama yayıb.

Qaynarinfo-ya daxil olan açıqlamanı təqdim edirik:

"Qurbanova Aygün Bəysafa qızı, 1984-cü il təvəllüdlü, Baku Medikal Plaza klinikasının poliklinik şöbəsinə ilk dəfə 29 yanvar tarixində doğuş qabağı hazırlıq məqsədilə lazımı müayinələrdən keçmək üçün müraciət etmişdir. Həkim-uzman Natı Musalı tərəfindən lazımı kliniki – laborator müayinələr aparılmışdır, ananın və dölün vəziyyətində hər hansı patologiya aşkarlanmamışdır. Qadının hamiləliyinə nəzarət Qəbələ MRX-nın ambulatoriyası tərəfindən aparılmışdır və ordan təqdim olunan rəsmi sənədə əsasən hamiləlik müddətində ağırlaşma qeydə alınmamışdır. Hamilənin verdiyi məlumata əsasən əvvəlki iki doğuşlarının vaxtı ötmüş və davamiyyəti uzanmış olmasını nəzərə alaraq həkim tərəfindən hər hansı normadan kənara çıxma halı qeyd olunarsa dərhal klinikaya müraciət olunması tövsiyyə olunmuşdur.

19.02.2021-ci il tarixdə saat 07.42-də Qurbanova Aygün klinikaya müayinə olunmaq üçün müraciət etmişdir. Hamilənin və dölün vəziyyətində bütün göstəricilər norma daxilində olmaqla yanaşı döl qişalarının vaxtından əvvəl cırılması əlamətləri qeydə alınmışdır və hamilə klinikaya dinamik nəzarət üçün qəbul olunmuşdur. Nəzarət müddəti ərzində hamilədə vaxtından əvvəl döl qişalarının vaxtından əvvəl cırılmasına baxmayaraq spontan doğum fəaliyyətinin başlanmaması qeydə alınmışdır. Əvvəlki iki doğuşlarında ağırlaşmaların olmasını nəzərə alaraq mamalıq taktikasında müvafiq təsdiq olunmuş kliniki protokollara əsasən doğuşun induksiyasının başlanması qərara alınmışdır. Hamilədə doğum fəaliyyəti başlayaraq normal şəkildə inkişaf etmişdir, ananın və dölün vəziyyətinə dinamikada ciddi nəzarət aparılmışdır. Doğuşun gedişində və ana ilə dölün vəziyyətində hər hansı ağırlaşma qeydə alınmadığı üçün doğuşu konservativ yolla idarə olunması və təkrar doğan qadında göstərişsiz qeysəriyyə kəsiyinin aparılmasına heç bir əsas olmadığı bildirilmişdir. 19.02.2021-ci il tarixdə axşam saat 23.14-də qəflətən vəziyyəti pisləşmişdir. Təcili reanimasion yardım göstərilməklə yanaşı həkimlərin baxışı zamanı ağciyər arteriyasının tromboemboliyasına şübhə və dölün vəziyyətində kəskin hipoksiyanın olması qeydə alınmışdır. Ananın və dölün həyatı təhlükəsini nəzərə alaraq hamiləliyin təxirəsalınmaz qeysəriyyə kəsiyi ilə sonlandırılması  qərarı alınmışdır (I təcililik kateqoriyası). 

Əməliyyat zamanı diri yetişmiş uşaq xaric edilib neonatoloqlara təhfil verildikdən sonra ananın vəziyyəti intraoperasion konsilium şəklində ətraflı qiymətləndirilmişdir. Müvafiq müayinələr zamanı abdominal aortada fluktuasiya edən tromb aşkarlandığı üçün dərhal trombolitik terapiya başlanılmışdır. Heparin terapiyası fonunda şiddətli qanaxma riskinin olması ehtimalını nəzərə alaraq ananın həyatını xilas etmək məqsədilə artımlarsız subtotal histerektomiya əməliyyatı icra olunmuşdur. Vaxtında görülən müayinə və müalicə tədbirləri nəticəsində əməliyyat zamanı itirilən qanın həcmi 700 ml çox olmamışdır. Əməliyyatdan sonra qadın klinikanın reanimasiya və intensiv terapiya şöbəsinə müayinə və intensiv müalicə tədbirlərinin aparılması üçün verilmişdir. Təkrar dinamik doppler USM-də mərkəzi və periferik damarlarda tromb kütləsi izlənilməmişdir, aşağı ətraf arteriyalarda monofazik axın və vazospazm izlənilmişdir. Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində ölüm riski yüksək olan hamiləlik ağırlaşmalarının aparılması istiqamətində böyük təcrübəsinin olması və hər bir vəziyyətə uyğun dəqiq müayinə/müalicə alqoritmlərinin işlənib hazırlanması hazırkı ağırlaşma zamanı - A. Qurbanovanın vəziyyətdən çıxarılması üçün tam həcmdə tədbiq olunmuşdur. Doğuş zamanı ölüm riski yüksək olan ağırlaşmanın meydana çıxması haqqında Səhiyyə Nazirliyinin rəsmilərinə ətraflı məlumat verilmişdir və müayinə/müalicə taktikası razılaşdırılmışdır. Davamlı trombolitik, hemotransfuzion və digər müvafiq intensiv terapiya tədbirlərinin aparılmasına baxmayaraq qadının vəziyyəti kritik ağır olaraq qalmışdır, tənəffüs və ürək çatmamazlığı inkişaf etmişdir və 20.02.2021-ci il tarixdə saat 09.10-da bioloji ölüm qeydə alınmışdır.

Dünya statistikasında ana ölümünün aparıcı səbəbi damarların tromboemboliyası olduğu üçün, bizim ölkəmizdə 2014-cü ildə SN- tərəfindən təsdiq olunmuş *Hamiləlik dövründə trombofilik ağırlaşmalar üzrə klinik protokol*un müddəalarının tədbiqi BMP klinikasının doğuşayardım işinin təşkili prosesində ciddi nəzarət altındadırlar. Qurbanova Aygün Bəysafa qızına BMP klinikasında göstərilən tibbi xidmət – istər doğuşun idarə olunması zamanı, istər damarların trombozu kimi ölüm riski yüksək olan ağırlaşma baş verdiyi zaman – tam həcmdə SN-nin direktiv sənədlərinə və müasir sübutlu standartlara uyğun aparılmışdır".
XƏBƏRLƏR
BLOGLAR
X