Yulya Çurbanova 25 ildir ki, Bakı Zooparkında işləyir. Dediyinə görə, burada onun işi yırtıcı heyvanları yemləmək, yerlərini təmizləmək və qulluq etməkdən ibarətdir.
Universitetə qəbul ola bilmədiyi üçün 1988-ci ildə Bakı Zooparkına işə düzəlməyə gələndə, müdriyyət onun hündürboy və güclü qadın olduğunu görüb ona 6 ayı, 2 şir və 2 pələngə baxmağı həvalə edib.
Yulya xanımın fikrincə təhlükəsizlik qaydalarına əməl etdikdə yırtıcı heyvanlara qulluq etmək heç də çətin olmur. Amma yenə də ehtiyatı əldən vermək olmaz.
“Bütün hevyanlar fərqlidirlər. Hərəsinin öz xarakteri var. Bütün heyvanlar yırtıcıdır, yaxşılığı başa düşmürlər. Heyvan heyvan olaraq qalır. Burda çox ehtiyyatlı olmaq lazımdır. Fikrini yayındırmaq olmaz. Çünki bundan həm bizim, həm də başqa uşaqların həyatı asılıdır.”
Deyir ki, işlədiyi müddətdə onun üçün ən maraqlı hadisə canavarın balasını əhilləşdirməsi olub.
“2 ildir canavarı əlimə öyrəşdirmişəm. O, məni sevir, məni tanıyır. İnsanlar təəcüblənirlər, mən onun qəfəsinə girirəm, qucaqlayıb öpürəm. İnsanlar təəcüblə soruşurlar ki, bu canavardır, deyirəm ki, hə, bu canavardır.”
Yulya xanım deyir ki, bütün gününü heyvanlara həsr etdiyi üçün onlara balası kimi çox bağlanıb. Bu səbəbdən də bəslədiyi heyvanların ölməsi ona pis təsir edir.
“Heyvanlar öləndə mən ağlayıram. Çünki mən onlara öyrəşmişəm. Yaquarımız 9 yaşında öldü. Onlara öyrəşirsən, onlar mənim uşağım kimidir. Onlara qayğı göstərirsən, sevirsən onları.”
Müsahibimiz Zooparka gələn insanların heyvanlarla münasibətindən də danışır. O, ziyarətçilərin heyvanları istədikləri qidalarla yemləməsinin doğru olmadığını deyir.
“İnsanların bəziləri heyvanlara pis davranırlar, bəziləri yaxşı. Bəzi insanlar dadlı yeməklər gətirib yedizidirlər heyvanları. Bəziləri çörək gətirirlər, heyvanların qarınları ağrayır. Əgər insanlar yaxşılıq etmək istəyirlərsə alma, yerkökü və çuğundur gətirsinlər. Bunlardan heyvanlara ziyan gəlməz.”
Yulya xanımın sözlərinə görə, Zooparkda işinin ağır və təhlükəli olmasına baxmayaraq, aldığı əməkhaqqı heç də bu əziyyətləri qarşılamır.
“Bu pulla yaşaya bilirik, neynəmək olar, nə var odur. Bəlkə zamanla daha yaxşı olacaq. İşləyirəm burda, heç yerə getməmişəm. Maaş azdır, iş çoxdur, amma neyləmək olar?”
Gənclərin Səsi Radiosu
Şərhlər