Ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsində binanın zirzəmisində yaşayan və səfil həyat sürən qadın az qala böyük bir faciəyə səbəb olacaqmış. Zirzəmidə qızınmaq üçün qalanan alov nəzarətdən çıxıb və bloku tüstü basıb. Sakinlərin köməyinə isə yanğınsöndürənlər yetişiblər.
Hadisə ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində baş verib. Sakinlərin verdikləri məlumata görə, yanğına binanın zirzəməsində yaşayan və səfil həyat sürən qadın səbəb olub. Onların sözlərinə görə, bu qadın isinmək üçün zirzəmidə tez-tez ocaq qalayır, hətta bəzən özü kimi səfil həyat sürənlər də onunla burada qalırlar.
Hadisə şahidlərinin sözlərinə görə, bu şəxs alovun nəzarətdən çıxdığını gördükdə oradan uzaqlaşıb. Qonşular onu da bildirirlər ki, burada gecə vaxtı bloklarda səfil həyat sürənlərə tez-tez rast gəlirlər.
Yanğın baş verən zaman Binəqədi rayon Polis İdarəsi və 6-cı polis bölməsinin əməkdaşları da əraziyə gəlib və lazımi ölçü götürüləcəyini bildiriblər. (Xəzər TV)
Şərhlər