Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb (FOTO/VİDEO/YENİLƏNİB 2)
Bakının Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb.
FHN-in Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.
Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib.
Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3 000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.
00.05
APA-nın məlumatına görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.
22.07
Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb.
"Report”un məlumatına görə, partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.
Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.
Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.
21.48
APA-nın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.
20.45
Bakıda güclü yanğın Binəqədi rayon, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikinin sexində yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
20.25
Bakıda güclü yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb. Yanğının Binəqədi rayonu ərazisində baş verdiyi deyilir.
Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər