Xəbər lenti

Rəsmi açıqlama: Bakıdakı yanğında 24 nəfər ölüb (YENİLƏNİB/FOTOLAR)
Foto 11:15 02.03.2018

Rəsmi açıqlama: Bakıdakı yanğında 24 nəfər ölüb (YENİLƏNİB/FOTOLAR)

Respublika Baş prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb.

Qaynarinfo-nun xəbərinə görə, məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş vermişdir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi,  texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişdir. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilmiş, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir. Saat 09.13-də yanğın söndürülmüşdür. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş vermişdir.

***
10.05

Baş Prokurorluğun yüksək vəzifəli şəxsləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ("morq”) baş çəkib.

"Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, "morq” gətirilən meyitlər tanınmaz halda olduğundan, hələ ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

"Morq”un qarşısında polis postu qurulub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

*** 
 
10.07
 
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər  3 saylı şəhər Klinik Xəstəxanasındadır.

***
09.50
 
FHN-in yaydığı məlumata görə, Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb. 

Yanğında zəhərlənən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib. Yaralılardan biri isə 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib. 

Hadisə zamanı ölənlərin sayı və kimliyi isə hələlik dəqiqləşməyib.

Əlavə məlumat veriləcək.

***
09.30
 
Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib. Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->