Bakının Biləcəri qəsəbəsində kanalizasiyadan çoxsaylı kəsilmiş heyvan başları çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə oxu.az-a "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş heyvan başları və digər bərk məişət tullantıları çıxarılıb:
"Həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə "Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi təyinatlı maşın və digər mexanizmlər cəlb olunub.
Bütün səylərə baxmayaraq, kollektorda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektorun 4 metr dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru iki yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub.
Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş heyvan başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu bir metrdən çox olan iki taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmzilənməsi üç gündən artıq vaxt aparıb”.
Qurum rəsmisi onu da bildirib ki, heyvan kəsimi ilə məşğul olanlara, eləcə də, əhalinin diqqətinə bir daha çatdırıb ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir:
"Belə hallar kollektorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərazilərin çirkab suların altında qalmasına səbəb olur”.
Şərhlər