Bakıda oğurluq edən şəxs kameraya düşdü: cinayətkar 2 ildir tapılmır (VİDEO)

Bakıda oğurluq edən şəxs kameraya düşdü: cinayətkar 2 ildir tapılmır (VİDEO)

2018-ci ildə Bakı şəhəri, Nizami rayonunda ümumi dəyəri 80 min manata yaxın olan qızıl-zinət əşyaları və pul oğurlanıb. Faktla bağlı 180080445 saylı başlanılıb. Oğurluq hadisəsi ilə bağlı əldə videogörüntülər olsa da, polis 2 ildir cinayətkarı tapa bilmir.

Bu barədə HİT.Az-a zərərçəkmiş Eyyub Abbasov məlumat verib. O, evindən kimlərin oğurluq etdiyini bildiyini, bu barədə hüquq mühafizə orqanlarına məlumat verdiyini, lakin polis və prokurorluq əməkdaşlarının cinayətin üstünü açmaqda istəkli olmadığını iddia edir.

"Nizami rayon Prokurorluğu və Polis idarəsi bu hadisənin gedişatında ittihamçı deyil, sanki cinayətkarların vəkili rolunda çıxış edir. Nizami rayon prokuroru Pərviz İbayev təqdim edilən bütün dəlilləri və sübutları yetərsiz sayır. Mən və vəkilim Kamandar Nəsibov cinayət işini araşdıran Nizami rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Əliyevi bir ildən çoxdur tapa bilmirik. Daha doğrusu Ramil Əliyev bizimlə görüşmür, telefonlarımıza və sorğularımıza cavab vermir. Nizami rayon prokuroru da həmin müstəntiqi tapa bilmədiyini deyir". 

Şikayətçi məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi və Prokurorluğun bir çox yüksək vəzifəli şəxslərinin qəbulunda olduğunu, lakin nəticənin yenə eyni olaraq qaldığını deyib:

"Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyinə dəfələrlə şikayət məktubları göndərmişəm. Amma hər dəfə cinayət işinin istintaqının davam etdiyi barədə şablon cavab məktubu alıram. Baş Prokurorluğun 2020-ci ilin iyun ayında göndərdiyi məktubdan isə məlum oldu ki, cinayət işi üzrə icraat Nizami Rayon Polis idarəsi tərəfindən 14 dekabr 2019-cu il tarixli qərarla məndən gizli və məlum olmayan səbəbdən dayandırılıb".

Zərərçəkmiş evini soyan şəxsin qonşusu olduğunu və atasının polis əməkdaşı olması səbəbindən işin ört-basdır edildiyini iddia edir. 

"Atası məndən vaxt istəmiş, oğurlanmış əşyaları və pulu yaxın zamanda geri qaytaracağını demişdi. Hətta bununla bağlı səs yazısı da var. Lakin sonradan oğurlanan qızıl-zinət əşyalarını və pulları geri qaytarmaqdan imtina etdi".

E. Abbasov oğurluq faktının qeydə alınmasından yalnız 4 ay sonra cinayət işinin açılmasına nail olduğunu bildirir. Buna baxmayaraq Nizami Rayon Polis İdarəsinin məsələni araşdırmadığını deyir.

Qeyd edək ki, zərərçəkmiş evindən oğurluq edən şəxslərin və himayədarlarının adlarını açıqlasa da, istintaq sona çatmadığı üçün verə bilmirik.
 
Məsələyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət bildirilib. Qeyd olunub ki, oğurluq faktı ilə bağlı Nizami RPİ-də cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Cinayət işinin tam və hərtərəfli aparılması DİN rəhbərliyinin diqqət mərkəzindədir.

Çingiz Səfərli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR