Xəbər lenti

Bakıda yaşayan naxçıvanlılar
Foto 21:37 12.02.2019

Bakıda yaşayan naxçıvanlılar "Xıdır Nəbi" bayramını qeyd edib (FOTOLAR)

Naxçıvan Muxtar Respublikasının 95 illiyi və Xıdır Nəbi bayramı münasibətilə Bakıda yaşayan naxçıvanlılar "Atlantis" şadlıq evində tədbir keçirib. 

Tədbirin əsas məqsədi qədim tarixə malik Xıdır Nəbi bayramının tanıdılması olub. Təşkilatçılar Naxçıvana məxsus digər qədim xalq bayramları və mərasimlərinin bundan sonra da Bakıda qeyd ediləcəyini bildirib. Stolların üzərinə ənənəvi Xıdır qovurqası, Xıdır xonçası, Naxçıvan kətəsi, çöçə, nabat, quru meyvələr, çərəzlər, şirniyyatlar, badamlı, sirab, müxtəlif kompotlar, mürəbbələr, ümumiyyətlə Naxçıvanda istehsal edilən nemətlər düzülüb, Naxçıvan mətbəxi qonaqlara tanıdılıb. 

Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslam) çıxış edərək Nuh yurdu Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etdiyini söyləyib. Son illərdə Naxçıvanda aparılan quruculuq işlərindən, Naxçıvanın inkişafından danışıb, Xıdır Nəbi bayramının tarixi, əhəmiyyəti, bayram zamanı icra edilən adət-ənənələri, ritualları diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, bu mərasim xalqımızın zəngin mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirir. O, xalqımızın tarixiliyini, qədimliyini göstərən belə mərasimlərin qorunmasının vacibliyini bildirib. 

Daha sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək bildirib ki, Xıdır bayramının keçirilməsi milli mənəvi dəyərlərimizə verilən qiymətdir. Xalqımızın adət-ənənələrini qoruyub saxlamaq, onu gələcək nəsillərə ərmağan etmək vacibdir. Bu adət-ənənələr xalqımızın birliyinin, gücünün təcəssümüdür.

Naxçıvanlı şair Rəhim Mehnət, şair, yazıçı, jurnalist Kamil Kamranoğlu, yazıçı şair Almaz İlahə Əhmədova, Naxçıvanlı ziyalılar Telman Qasımov və Fikrət Bektaşi də çıxış edərək Naxçıvanın yüksək inkişafından, görkəmli şəxsiyyətlərindən də söhbət açaraq, qədim mərasimlərin yaşaılmasının vacibliyindən danışıblar. Tədbirin bədii hissəsinin təşkilatçısı Fərahim Qulubəyov də adət-ənənələrin, mərasimlərin yaşadılmasının zəruriliyindən danışaraq, gələcəkdə belə tədbirlərin çox olmasını vurğulayıb. Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova, Azərbaycan Respublikasının əməkdar artisti İlqar Muradov, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Bəsti Qasımova, Azərbaycan Respublikasının əməkdar artisti, opera və balet teatının aparıcı solisti Cahangir Qurbanov, Azərbaycan Dövlət televiziyasının solisti Sərxan Bünyatzadə, Azərbaycanın səsi yarışmasının qalibi Mehman Tağıyev, müxtəlif səs yarışmalarının iştirakçısı və qalibi olmuş Cavid Hüseyn, Vəli Səfərov, Rza Zaman, Ayxan Bünyatzadə, Mahir Hüseynli, Ehtiram Hüseynov, Elmar Qasımov və başqaları Naxçıvana aid mahnılarla tədbiri daha da canlandırıb, şən əhval-ruhiyyə yaradıb. Sonra Naxçıvan yallıları ifa edilib. Tədbir zamanı həm də Naxçıvanda istehsal edilən məhsullar sərgilənib. Sonda qonaqlara Xıdır xonçaları və qovurğa torbaları, Naxçıvan məhsulları təqdim edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->