Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?

Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?

Azərbaycanda 2018-ci illə müqayisədə 2019-cu ildə yol nəqliyyat hadisələrində ölənlərin sayı artıb, Bakıda isə bu göstərici 12% azalıb. Ölkə üzrə nəqliyyat vasitələrinin təxminən 50%-nin Bakı şəhərində cəmləşməsinə baxmayaraq qəzalar nəticəsində ölüm hallarının cəmi 22,5%-i paytaxtda baş verib.

Bədbəxt hadisələrin Bakı üzrə statistikasının azalmasında bu şəhərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılmış addımlardır. Son iki ildə Bakının  piyada yönümlü şəhərə çevrilməsi əsas prioritet məqsədlərdən biri kimi təyin olunub. Bu məqsədlə Bakı Nəqliyyat Agentliyinin (BNA) "ideal səki”, "yolların optimallaşdırılması” layihələri həyata keçirilir, küçə və prospektlər yeni svetoforlarlarla təmin edilir, yol kənarlarında kiçik məhəccərlər quraşdırılır. Agentliyin "ideal səki” layihəsi çərçivəsində səkilərə əlillərin, kalyaskalı şəxslərin, velosipedlə hərəkət edənlərin rahatlığını təmin etmək üçün panduslar döşənir.

Yollardakı optimallaşdırma layihələri də piyada təhlükəsizliyinin təmin edilməsinə hesablanıb. Belə ki, küçələrdə yolların içinə doğru çıxıntılar inşa edilməklə avtomobillərin hərəkət zolağı bir qədər daraldılıb və piyadanın səkidən dərhal yola çıxmasının qarşısı alınıb. Yeni salınan yollarda sürücü piyadanın yola çıxdığını daha rahat şəkildə görə bilir. Bu çıxıntılar arasında qalan ciblər isə avtomobillərin hərəkətə mane olmadan parklamasını təmin edir. 

Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının professoru Fuad Həsənov Avtosfer.az-a verdiyi açıqlamada qeyd edib ki, son illər şəhərdə görülən işlər yol nəqliyyat hadisələrində zərər çəkənlərin sayını azaldır:

"Xüsusən piyadaların zərərçəkməsinin qarşısını almaq məqsədilə şəhərdə bir sıra işlər görülür. Misal olaraq, yeraltı və yerüstü keçidlərin salınması, svetoforların, dəmir məhəccərlərin quraşdırılmasını göstərmək olar. Xüsusən piyada seksiyaları ilə təchiz olunmuş svetoforlar bu istiqamətdə önəmli faktordur.

Yol hərəkəti təhlükəsizliyində əsas amillərdən biri isə piyadaların özlərinin təhlükəsizlik qaydalarına riayət etməsidir. Çünki yol nəqliyyat hadisələri əsasən piyada keçidlərində deyil, o keçidlərdən kənarda, sürətli yollarda olur. İndi yollara kameralar quraşdırılıb. Yollarda sürət həddi azaldılır. Sürücülərin əksəriyyəti sürət həddini aşmırlar. Məktəblərdə də yol hərəkəti ilə bağlı maarifləndirici işlər aparılır.

Paytaxdakı yeni yollar da piyada təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə son illər Bakıda piyada təhlükəsizliyin artırılması istiqamətində müsbət addımlar atılıb. Ümid edirik i bu addımlar yenə atılacaq və gələcəkdə Bakı piyada yönümlü şəhərə çevriləcək. Çünki ölkə rəhbərliyinin də əsas məqsədi vətəndaşlarımızın sağlamlığı və təhükəsizliyidir”.



Nəqliyyat üzrə ekspert Yasin Mustafayev piyada təhlükəsizliyi istiqamətində görülən işləri bu cür dəyərləndirib: 

"Yollarda piyadalar üçün şəraitin yaradılması son dövrlər çox gündəmdədir. Sosial şəbəkələrdə bu sahədə insanların, mütəxəssislərin reaksiyalarına tez-tez rast gəlirik. Hazırda bu istiqamətdə müsbətə doğru dəyişikliklər var. Burada piyada səkilərinin daha yaxşı vəziyyətə gətirilməsini xüsusi qeyd etmək lazımdır. Son zamanlar müxtəlif və eyni səviyyəli piyada keçidləri olan yerlərdə işıqlandırma sisteminin quraşdırılması çox təqdirəlayiqdir. Bu işlər qəzaların qarşısını almaqda müstəsna rol oynayır. İndi hər yerdə işıq dirəkləri quraşdırılıb və nəticədə sürücülər yola çıxan piyadanı daha rahat görür".

Ekspert qeyd edib ki, son illər piyada və sürücü mədəniyyəti də müsbətə doğru dəyişib:

"Yol nəqliyyat hadisələrində ölənlərin sayının azalmasında iki əsas səbəb var. Birinci yollarda piyadalar üçün səkilərin yaradılmasıdır. İkincisi isə həm sürücü, həm də piyada mədəniyyətinin yüksəlməsidir. Bu işdə piyadalar yol verməyən sürücülərə cərimə tətbiqi, eyni zamanda maarifləndirici video çarxların hazırlanması mühüm rol oynadı. Artıq piyada və sürücülər müasir davranış qaydalarına riayət edirlər”.

Dünyanın aparıcı ölkələrində piyada yönümlü şəhərlərin formalaşdırılması əsas strategiyalardan biridir. BNA-nın bu strategiyanı prioritet olaraq müəyyənləşdirməsi növbəti illərdə Bakıda yol nəqliyyat hadisələrinin sayının və həmçinin, bu cür qəzalar səbəbindən ölənlərin sayının daha da azalmasına səbəb olacağı gözlənilir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR