Bakının ən ucuz ofisləri hansılardır? (QİYMƏTLƏR)

Bakının ən ucuz ofisləri hansılardır? (QİYMƏTLƏR)

Bakıda yerləşən biznes mərkəzləri üzrə ofislərin kirayə qiymətləri fərqli istiqamətdə dəyişir.

Qaynarinfo xəbər verir ki, hazırda plazalar üzrə ofislərin kirayə qiymətləri 12-39 manat 76 qəpik arasındadır. Ən ucuz kirayə ofislər Bakının Yusif Səfərov küçəsi 33 ünvanında yerləşən "Crystal Plaza"dadır. Burada ofislərin kirayəsi 12 manatdır. Ən baha ofislərin kv.m üzrə qiyməti isə 39 manat 76 qəpik təşkil edir. Bu qiymətə ofisi Nizami 69-da yerləşən "ISR Plaza"dan kirayələmək mümkündür. Bakıda yerləşən plazalarda ofislər üçün təklif olunan kirayə qiymətlərini təqdim edirik:

"Caspean Plaza"da ofisin kvadratmetri 20 manatdır. 2 otaqlı ofisin icarəsi 600-700 manata başa gəlir. İcarə haqqına ofisin gündəlik təmizliyi, kondisioner və istilik sistemi daxildir. İşıq və internet üçün əlavə ödəniş edilməlidir. 6-cı mərtəbədə boş ofis var. Hansısa mərtəbədəki otaqlar boş olduqda, oradakı otaqların hamısını icarəyə götürmək də mümkündür.

"Çıraq Plaza"da isə ofisin kvadratmetr üzrə qiyməti 23 manatdır. 6-cı mərtəbə (115 kvadratmetr) və 9-cu mərtəbədə (105 kvadratmetr) boş ofislər var. İnternet, telefon və ofisin təmizliyi üçün əlavə ödəniş tələb olunur.

"Bridge Plaza"da 100-200 kvadratmetrlik standart ofislər var. Hazırda yalnız 5-ci mərtəbədə 180 kvadratmetrlik ofis (4 otaqlı) boşdur. Ofisin kvadratmetrlik icarəsi 25 manatdır. İşıq pulu, internet və telefon üçün əlavə pul ödənilməlidir. İcarə haqqına su, kanalizasiya, tullantıların daşınması, texniki dəstək daxildir. Plaza əməkdaşının sözlərinə görə, hətta 2 mərtəbəni tamamilə ofis kimi icarəyə götürən şəxslər də var.

"Dalğa Plaza"da hazırda yalnız 1-ci mərtəbədə 32 kvadratmetrlik boş sahə var. Otağın kvadratmetri üçün icarə haqqı 25 manatdır. İcarə haqqına təhlükəsizlik xidməti, resepşn, ofisin təmizliyi daxildir. İcarə haqqına internet və telefon xidməti daxil deyil.

"ISR Plaza"da 2 otağın sahəsi təxminən 90 kvadratmetri əhatə edir. Hazırda 6-cı mərtəbədə boş ofis var. 1 kvadratmetrlik otağın icarə haqqı isə kommunal xərclərlə birlikdə 39 manat 76 qəpikdir. İnternet və telefon üçün əlavə pul ödənilməlidir.

"Saphire Plaza" (Nizami küç.) 1 kvadratmetrlik otağın icarə haqqı 20 manatdır. 5-ci mərtəbədə 55 kvadratmetrlik, 3-cü mərtəbədə isə 65 kvadratmetrlik ofislər boşdur. İcarə haqqına təhlükəsizlik xidməti, resepşn, ofisin təmizliyi daxildir. İnternet və telefon xidməti icarəyə daxil deyil.

"Crystal Plaza"da hazırda boş ofis yoxdur, təxminən 2 aydan sonra olma ehtimalı var. 280 kvadratmetrlik ofisin icarəsi 3500-4000 manat tələb edir. 1 kvadratmetrlik otağın icarə haqqı 12 manatdır. İcarə haqqına işıq, telefon, internet, parkinq, mühafizə daxildir. Mərtəbədəki otaqlar tam şəkildə icarəyə verilir. Məsələn, 2-ci mərtəbədə 7 otaq var. Ofis icarəyə götürülərsə, otaqlarda yerdəyişməyə icazə verilir.

"Ask Plaza"da (əvvəlki adı "Qlobus Plaza") ofisin kvadratmetri 20 manatdır. Hazırda boş ofis yoxdur, yanvar ayında olma ehtimalı var. İcarə haqqına havalandırma sistemi, su daxildir. İşıq, telefon və internet üçün əlavə ödəniş tələb olunur. Hər mərtəbədə 8-9 ofis yerləşir.
 
Nərmin Həsənli

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR