Xəbər lenti

Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş
Siyasət 09:38 21.09.2019

Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş

Azərbaycandan intriqalı gediş; Bakı Qarabağ savaşına hazırlıqları yeni müstəviyə keçirir? Nəbz yoxlanışı, yoxsa...
Bir neçə gün öncə Belarus Təhlükəsizlik Şurasının katibi, yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - "Rus NATO-su”) baş katibi postunu tutacaq Stanislav Zacyanın başçılıq elədiyi nümayəndə heyəti Bakıda oldu. Maraqlıdır ki, səfərdən cəmi bir gün əvvəl Ermənistan KTMT-nin axırıncı üzvü kimi təşkilatda müşahidəçi statuslu ölkə və təşkilatların qəbulunu nəzərdə tutan protokolları öz parlamentində ratifikasiya etmişdi. Müşahidəçi statusu ala biləcək ölkələrin başında isə Azərbaycanın adı çəkilir.

Vəziyyəti intriqalı edən daha bir məqam isə Ermənistan parlamentinin məlum qərarından sonra Bakının KTMT-yə üzvlük məsələsini müzakirə etmədiyini bəyan eləməsi oldu. Bu açıqlamanın ardınca general Zasya Bakıda peyda oldu. Yeri gəlmişkən, artıq İrəvan da belaruslu generalın baş katibliyinə rəsmən razılıq verib.

Politoloq Elxan Şahinoğluna görə, ola bilsin, bu, bir nəbz yoxlanışı olub. Ancaq nəbz yoxlanışına nə ehtiyac? Hər halda, Azərbaycan bu quruma üzvlüklə bağlı öz əsas şərtini vaxtilə xarici işlər naziri Elmar Məmmədyarovun dilindən aydın şəkildə səsləndirib: öncə Qarabağ, işğal məsələsi yoluna qoyulmalıdır. Yəni öncə torpaqlar, sonra "Rus NATO-su”...

Qeyd edək ki, general Stanislav Zasya hərbi təhsilini Bakıda alıb. Burada onun dostları var. Yəni Azərbaycan ondan ötrü yad məmləkət sayılmaz. Bu isə artıq bəri başdan Azərbaycan üçün Ermənistan qarşısında psixoloji üstünlükdür. Xüsusən də Qarabağ müharibəsinin bitmədiyi məqamda bu amil Bakının köməyinə gələ bilər. Başqa sözlə, Zasyanın baş katib olacağı 2 ildə Azərbaycan daha rahat antiterror əməliyyatı apara bilər. Bunu Bakının Qarabağ savaşına hazırlıqları yeni müstəviyə keçirməsi kimi də qiymətləndirmək mümkündür. 

Görünür, bu və digər səbəbdən təzə baş katibin Bakı səfəri düşmən Ermənistanda təlaş yaradıb. "Yeni Müsavat”ın məlumatına görə, bu xüsusda Novostink.ru portalına Naira Ayrumyanın şərhi diqqət çəkir.


Erməni təhlilçi yazır: "Azərbaycan prezidenti İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasyanın başçılıq elədiyi nümayəndə heyətini qəbul edib. Hansı ki, yanvarın 1-dən KTMT-nin baş katibi postunu tutacaq. Bakıda onun yeni təyinat münasibətilə təbrik edib və əminlik ifadə edilib ki, KTMT baş katibi postunda o, Azərbaycan Belarus əlaqələrinin inkişafına töhfə verəcək. Demək olar, bu səfər ərəfəsində isə Azərbaycan rəsmən bəyan elədi ki, KTMT-nin işində hər hansı statusda iştirak eləmək niyyətində deyil. Belə bir bəyanat Ermənistanın KTMT Nizamnaməsinə düzəlişi ratifikasiya eləməsindən sonra Bakının KTMT-də heç bir statusu ilə barışmayacağı haqda qəti mövqeyindən sonra verildi. Rusiya baş nazirinin müavini Borisov isə Azərbaycanın üzvlüyü və ya müşahidəçi statusuna qarşı olmadığını bildirmişdi”.

Müəllif daha sonra yazır: "Əliyevin Zasya ilə görüşünə nəzərən bu qənaətə gəlmək olar ki, KTMT Azərbaycanla baş katib səviyyəsində dostluq edəcək. Məsələ ondadır ki, Stanislav Zasya Bakıya sıx bağlıdır, zabit təhsilini burada alıb. Əliyevin Lukaşenko ilə əlaqələrindən isə danışmağa dəymir. Azərbaycan prezidenti Zasyanı Bakıya dəvət eləməklə bunu göstərmək istəyir ki, Azərbaycanın müşahidəçi statusunun olmamasına baxmayaraq, bundan sonra onun KTMT-də öz ”səlahiyyətli səfiri" olacaq və İrəvan buna qarşı heç nə edə bilməyəcək".


Ardinca məqalə müəllifi narahatlıqla sual edir: "Bəs Azərbaycan prezidentinin KTMT-nin gələcək baş katibi ilə belə aşkar istilik nümayiş etdirməsinə İrəvan necə reaksiya verəcək? İlham Əliyev artıq bir dəfə nümayiş etdirib ki, hətta KTMT üzvü olmaya-olmaya da o, özünün ”əks-agentləri" vasitəsi ilə təşkilata təsir edə bilər. Məsələn, yada salmaq olar ki, Ermənistanın üzvlük məsələsinin həll olunduğu Avrasiya İqtisadi Birliyi Şurasının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev "bizim yoldaş Əliyevin” məktubunu oxumuşdu (Söhbət işğalçı ölkənin təşkilata Dağlıq Qarabağla birgə qoşulmaq istəyinin əngəllənməsindən gedir - "YM”). O zaman İrəvan Ermənistanla Dağlıq Qarabağ arasında Avrasiya Birliyinin gömrük postlarının qoyulmasını əngəlləyə bildi. Lakin diskomfortu gozlətmək çətin oldu. İndi isə Əliyev Zasyanı Bakıya dəvət eləməklə yeni gedişə qərar verib".

*****

Əslində Azərbaycanın KTMT-yə üzvlüyünə ehtiyac yoxdur. Onsuz da Azərbaycan blokda Ermənistandan da güclü nüfuza və işğalçı ölkə xaric, bütün üzv-ölkələrlə yaxın münasibətlərə malikdir. Hətta bəziləri ilə (Belarus, Qazaxıstan) Ermənistandan da dərin əlaqələrə malikdir. Belarus və Rusiya ilə üstəlik, geniş hərbi əməkdaşlıq mövcuddur - hansı əməkdaşlıq ki, zaman-zaman İrəvanda qəzəb doğurub və doğurur.

2016-cı ilin "4 günlük” aprel müharibəsi azmanı isə KTMT üzvləri əsasən Azərbaycanın mövqeyində dayandılar. Ermənistanın ciddi cəhdlərinı baxmayaraq, təşkilat, onun baş katibi Bakı əleyhinə heç bir bəyanat vermədi. Elə bu yaxınlarda dövlət sərhədinin Qazax istiqamətində Azərbaycan DSX-nın keçirdiyi uğurlu əməliyyata və silahlı qüvvələrimizin yeni strateji nöqtələri ələ keçirməsinə də (əməliyyat zaman bir Ermənistan hərbçisi öldürülmüşdü - red.) İrəvanın ciddi cəhdlərinə rəğmən, KTMT rəhbərliyi Ermənistan deyəni demədi.

O da bəllidir ki, bu qurumda dominant Rusiyadır. Rusiya KTMT-ni ilk növbədə postsovet məkanında öz geosiyasi maraqlarını gerçəkləşdirmək üçün yaradıb. Əgər Moskva Azərbaycanla blok çərçivəsində daha sıx əlaqələrə malik olmaq, yəni ölkəmizi Ermənistanla eyni blokda görmək istəyirsə, yolu bəlli: o zaman zəhmət çəkib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün öz forpostuna təzyiq eləsin...

Yeni Müsavat

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->