Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-dən Qaynarinfo-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub.
Baş İdarə və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
Onun rayon ərazisindəki evinə baxış zamanı oradan bir ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus içərisində səkkiz ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Q.Məmmədova məxsus istixanaya baxış keçirilib. Oradan saxlanılan şəxs tərəfindən xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Şərhlər