Şəhərdaxili hərəkət (mobillik) planının məzmunu açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla təsdiqlənən "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nda öz əksini tapıb.
Qərara əsasən, mobillik planı hazırlanarkən aşağıdakılar nəzərdə tutulmalıdır:
- ümumi istifadədə olan nəqliyyatın inkişafının prioritet olaraq müəyyənləşdirilməsi və əhalinin nəqliyyata əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
- ictimai sərnişin nəqliyyatının ən yaxın dayanacaqlarına qədər piyada gediş məsafəsinin müəyyənləşdirilməsi;
- ümumi istifadədə olan nəqliyyatın cəlbediciliyinin artırılması və ya qorunub saxlanılması məqsədilə gediş-gəliş üçün vaxt sərfinin azaldılması istiqamətinə dair tədbirlər;
- ümumi istifadədə olan nəqliyyatın digər növlərinə (metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar və taksilər) keçidlərin və şəhər ərazisində ümumi istifadədə olan nəqliyyatın təşkilinin nəqliyyat mübadilə mərkəzlərindən planlaşdırılması;
- ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolaqları;
- müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və yol infrastrukturuna uyğun olaraq optimallaşdırılması;
- şəhər ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarının, taksi duracaqlarının və parklanma yerlərinin optimallaşdırılması;
- ümumşəhər mərkəzində, mövcud yaşayış, sənaye və istirahət zonalarının mərkəzlərində və gündəlik istifadə olunan ticarət, məişət və digər növ xidmət sahələrinin fəaliyyət göstərdiyi ərazilərdə bu Qaydada nəzərdə tutulan piyada infrastrukturunun və velosiped yollarının təşkilinin və əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
- nəqliyyat vasitələrinin və piyadaların hərəkət təhlükəsizliyinin nəqliyyat axınının nizamlanması vasitələrindən və xüsusi texniki avadanlıqlardan istifadə edilməklə təmin olunmasına dair tədbirlər;
- fövqəladə hallar və təcili xidmətlər üçün nəqliyyat idarəetmə tədbirləri;
- logistika fəaliyyətlərinin və yük axınlarının idarə olunmasına dair tədbirlər;
- avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi ilə bağlı tədbirlər;
- yük terminallarının, şəhərlərin girişlərində yük və sərnişinlər üçün mərkəzlərin (anbar, qovşaq, keçid stansiyaları və s.) planlaşdırılması ilə bağlı tədbirlər;
- küçə və yollardan səmərəli istifadə ilə bağlı tədbirlər;
- nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin inkişaf sxemi;
- küçə və yolların təsnifatı, hərəkətin əsas xarakteristikası;
- metro və tramvay depolarının, avtobus parklarının, iri qarajların və minik avtomobillərinin dayanacaq və duracaq yerləri;
- yol-nəqliyyat qurğuları (körpülər, yolötürücüləri, tunellər və s.);
- ümumi istifadədə olan nəqliyyatın marşrut xətləri;
- piyada və velosiped yollarının əsas istiqamətləri və keçid yolları;
- nəqliyyat qovşaqlarında və müxtəlifsəviyyəli kəsişmələrdə nəqliyyat
hərəkətinin təşkili;
- yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) və nəqliyyat infrastrukturu zonalarında və bu zonalar arasında nəqliyyat və piyada hərəkətinin təşkili ilə bağlı tədbirlər;
- mobillik planında bu planın məqsədləri, bu Qaydada nəzərdə tutulan müddəalar əks etdirilməli, həmçinin təklif və həllərin əsaslandırılması qeyd olunmalıdır.
Şərhlər