Xəbər lenti

Baş Prokurorluq həbs edilən vəzifəli şəxslə bağlı məlumat yaydı
Ölkə 16:32 22.05.2020

Baş Prokurorluq həbs edilən vəzifəli şəxslə bağlı məlumat yaydı

Baş Prokurorluq daha bir vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edib.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunması sahəsində həyata keçirilən mütərəqqi addımlara kölgə sala biləcək neqativ amillərə, koronavirus pandemiyası fonunda aztəminatlı vətəndaşlara dövlət tərəfindən ayrılmış sosial yardım paketlərinin təyinatı üzrə çatdırılmasında yol verilən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı kəsərli tədbirlər davam etdirilir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində DSMF-nin Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan 1 000 manat pulu rüşvət tələb edərək həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar müəyyən olunub.

Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini 21 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvətalma) maddəsi ilə cinayət işi başlanıb.

M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->