İnsanlar əvvəlcə qarşılaşdıqları, rastlaşdıqları əksər siyasi, hətta iqtisadi problemlərin yaşadıqları ölkədən, uzağı yerləşdikləri bölgədən qaynaqlandığını düşünürlər.
Bunun əksini zənn edəndə və yaxud da bunun tərsini başa düşəndə isə onların nəzərləri bir qayda olaraq ABŞ-a və Rusiyaya yönəlir, ona görə ki, bir çox proseslərdə bu iki ölkənin ayrılıqda və yaxud da birlikdə izlərini sezmək mümkün olur.
Ona görə də təəccüblü deyildir ki, hazırda nəzərlər daha çox ABŞ-dakı prezident seçkilərinə və bir də Rusiyanın Ukraynada apardığı müharibəyə yönəlib. Hamı haqlı olaraq belə hesab edir ki, bu iki prosesin çözümü tezliklə reallaşacaq, xüsusən də bir neçə aydan sonra ABŞ-da baş tutacaq prezident seçkiləri bir çox məsələlərə aydınlıq gətirəcək, hətta ola bilsin ki, onlardan biri – ABŞ prezidentinin seçkiləri Ukraynada aparılan müharibəyə də nöqtə qoyacaq.
Hələlik isə ABŞ-da seçki debatları başlayıb. Biz bu məsələnin üzərində dayanmaq niyyətində, Ağ Evdə bu seçkidə kimin məskunlaşacağını müəyyən etmək fikrində deyilik – hələ çox şey qarşıdadır və bircə onu deyə bilərik ki, hamı Donald Trampın şanslarını daha yüksək qiymətləndirir. Amma bir daha deyirik ki, bununla bizim işimiz yox.
Elə digər ölkələrin insanlarını da bizim kimi ABŞ-ın daxili problemləri yox, Ukrayna müharibəsi müstəvisində baş verə biləcək proseslər maraqlandırır. Trampın və Baydenin bu məsələdə mövqeyi də hamıya bəllidir – biri hakimiyyətə gələcəyi təqdirdə müharibəni dayandıracağını, digəri isə onu Ukrayna xalqının qəti qələbəsinə qədər davam etdirəcəyini deyir.
İlk tele-debatda isə bu xüsusda bir detal diqqətimizi cəlb etdi. Bayden dedi ki, daha doğrusu, ritorik olaraq soruşdu ki, biz Uktaynada müharibəni dayandırsaq, Putin də dayanacaqmı, axı onun fikri keçmiş SSRİ-ni bərpa etməkdir! Bilirsiniz, məsələ heç V.Putində də deyil, onun da hakimiyyəti gec-tez bitəcək. Amma Rusiyanın siyasəti bununla kardinal şəkildə dəyişəcəkmi?
20-ci əsrdə çox şey dəyişdi, o cümlədən də böyük dövlətləri idarə edənlərin psixologiyası. Dəyişməyən bir Rusiyadır, bir də onun liderləri. Bir ara hətta amerikalı siyasətçilər deyirdilər ki, Rusiya daha qlobal təhlükəsizlik üçün təhdid deyil, o, hər hansı alternativ ideya daşımır özündə. Amma tezliklə onlar öz fikirlərinə korrektələr etməli oldular – bəli, Rusiya əvvəlcə Gürcüstana, daha sonra isə Ukraynaya hücum etdi və 20-ci əsrdə demək olar ki, son qoyulmuş praktikaya – başqa əraziləri özünə birləşdirməyə əl qoydu.
Bir daha deyirik ki, İkinci Dünya müharibəsindən sonra heç kim belə etmir, yeni ərazilər zəbt etmir və mövcud sərhədlərin toxunulmazlığına, siyasi coğrafiyaların dəyişməməsinə çalışır. Bəli, nüfuz sferaları uğrunda mübarizə gedir, amma ABŞ və müttəfiqləri demək olar ki, başqa ərazilər tutmurlar, onlar daha çox öz təsirlərini yaymağa, təsir sferalarını genişləndirməyə çalışırlar...
Amma Kreml belə etmir, o, ən kobud, ən primitiv təcavüz üsullarına əl atır, dünyada ən böyük əraziyə malik olduğu halda başqa dövlətlərin də ərazilərini ələ keçirməyə çalışır. Ən pisi isə budur ki, onun bu siyasətə son verəcəyilə bağlı hər hansı təminat yoxdur. Hələ bircə dəfə belə olsun, Rusiya siyasətçiləri və diplomatları deməyiblər ki, bizim başqa dövlətlərin ərazilərində gözümüz yoxdur. Bunun əvəzində bildirirlər ki, Rusiya guya heç yerdə qurtarmır, rus əsgərinin ayağı dəyən bütün torpaqlar Rusiya ərazisidir və s. Ona görə də C.Bayden haqlıdır: ABŞ və müttəfiqləri dayansa belə, bu geosiyasi düşərgənin güzəştə getdiyini və onun qarşısından geri çəkildiyini görən Rusiya daha da şirnikləşəcək və yeni-yeni iddialara düşəcək. Ona görə də məsələ digər prezidentliyə namizədin – Trampın düşündüyü qədər də aydın və birmənalı deyil. Ona görə də dünya məchulluq içindədir: Ukrayna müharibəsini dayandırmalı, yoxsa davam etməli? Bir daha deyirik ki, hər iki senari, hətta onlar biri-birinə zidd olsalar belə, məchulluqdan savayı heç nə vəd etmir.
Hüseynbala Səlimov
Şərhlər