Xəbər lenti

Baydenin BMT ilə bağlı təklifi nəyə hesablanıb? (ŞƏRH)
Dünya 21:45 18.09.2023

Baydenin BMT ilə bağlı təklifi nəyə hesablanıb? (ŞƏRH)

"ABŞ-ın BMT TŞ-nin tərkibini genişləndirmək təklifi, qurumda real islahatların aparılmasını qabaqlamaq cəhdidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ Prezidenti Co Baydenin Baş Assambleyanın sessiyasında BMT Təhlükəsizlik Şurasının strukturunu dəyişdirməklə bağlı edəcəyi təklifi şərh edərkən deyib. 

Ekspert bildirib ki, bir sıra dövlətlər BMT-dəki rəhbər funksiyaların yenidən tərtib olunması və qurumda bəzi dəyişikliklərin həyata keçirilməsini istəyir: 

"ABŞ-ın BMT TŞ-nin tərkibini genişləndirmək təklifi, qurumda real islahatların aparılmasını qabaqlamaq cəhdidir. Bir çox ölkələr, Hindistan, Braziliya, A lmaniya və digərləri BMT-də ciddi islahatların aparılmasında maraqlıdır. Onlar bildirir ki, BMT  yaradıldığı dövrdən çox da irəli getməyib. Onlara  görə indiki halda şərait tamamilə fərqlidir və uyğun olaraq da BMT-də ciddi dəyişikliklər aparılmalıdır.  Düşünürəm ki, Baydenin təklifi sadəcə geniş islahatlar aparılmasını tələb edən ölkələri razı salmağa hesablanıb və yetərli olmayacaq. Əksinə,   BMT-də islahat tələb edən ölkələrin sayı  genişlənəcək. Azərbaycan rəhbərliyi də bir neçə  dəfə bildirib ki, BMT-nin rəhbər strukturlarında ciddi islahatlar aparılmalı və Qoşulmama Hərəkatının nümayəndələri TŞ-da orada təmsil olunmalıdır”. 

Həmsöhbətimiz düşünür ki, TŞ-nin daimi üzvlərinin tərkibinin genişlənməsi və yaxud qurumda geniş islahatların aparılması faktiki olaraq heç nə vəd etməyəcək: 
"Sadəcə, məsələlərin müzakirəsində 5 deyil, 10-11 ölkə iştirak edəcək. Amma veto qoymaq hüququ və qərarların qəbulu proseduru dəyişməsə, say artımı ilə ciddi dəyişiklik əldə etmək mümkün olmayacaq”. 

Qeyd edək ki, Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi The Daily Telegraph-a müsahibəsində ABŞ prezidenti Co Baydenin BMT  Təhlükəsizlik Şurasının strukturunun dəyişdirilməsini təklif edəcəyini bildirib. Onun dediyinə görə, Bayden  beş və ya altı ölkəni, Yaponiya, Hindistan, Almaniya, Braziliya və Cənubi Afrikanı da bura daxil etmək istəyir. Hazırda isə BMT TŞ-nin 5 daimi üzvü var.  Bunlar ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiyadır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->