Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə ilə əlaqədar olaraq 100-dən çox evin sakini ərazidən köçürülüb.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov "Report"a bildirib ki, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürüşmənin aktiv olduğu zonaya gedərək sakinlərlə görüşüblər.
"Camaatla söhbət aparılıb və onlara müvəqqəti olaraq qohum və yaxınlarının evinə köçmələri təklif olunub. Kimin köçməyə yeri yoxdursa, xüsusi olaraq bu işlə əlaqədar rayonun idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Təxminən 100-dən çox evin sakini köçürülüb", - deyə İ.Kərimov bildirib.
O, əraziyə baxış keçirildiyini, həmçinin oranın xəritəsinin çıxarıldığını, lakin hazırda təhlükəli zonada neçə evin olduğunun hələ ki müəyyənləşdirilmədiyini əlavə edib.
İcra nümayəndəsi köçürülmənin Səbail Rayon Polis İdarəsi əməkdaşlarının nəzarəti altında həyata keçirildiyini qeyd edib.
Şərhlər