Şahin Cəfərli

Blogger
Yazılar
48
Bayraq hay-küyü barədə...

Bayraq hay-küyü barədə...

Bizim müxalifət hələ də qəbul etmək istəmir ki, həm ölkə maraqları, həm də onların (müxalifətin) öz siyasi maraqları baxımından bu regionun əsas oyunçuları olan Rusiya və İranla düşmənçilik etmək doğru yol deyil. 

Xoşumuza gəlsə də, gəlməsə də, bölgəmizin reallığı budur və uzun müddət belə də qalacaq.

Heç kim demir ki, siyasətçilərimiz bu dövlətləri tənqid etməsin, iranpərəst, rusiyapərəst olun. (Bu məsələdə mənim şəxsi mövqeyimi bilirsiz.) Əksinə, əsaslı səbəb olanda tənqid etmək, ortaya qəti mövqe qoymaq zəruridir, çünki Azərbaycan siyasətçilərinin təməl vəzifəsi Azərbaycan xalqının və dövlətinin maraqlarını qorumaq, təmin etməkdir. Lakin bunu siyasi korrektlik və dövlət ciddiyyəti çərçivəsində etmək lazımdır, düşmənçilik aşılamaqla, nifrət nitqləri ilə yox. 

Qoy, ictimaiyyət səviyyəsində, mediada insanlar istədiyini desin və yazsın: tutaq ki, Jirinovskiyə, yaxud İranda (eləcə də, Avropada, ABŞ-da, başqa yerdə) Azərbaycan əleyhinə səslənən bəyanatlara, mövqelərə ən sərt, ən ağır cavablar verilsin, bunu qadağan etmək olmaz. Amma ciddi və iddialı siyasətçilər – istər hakimiyyətdə olsun, istər müxalifətdə - ölkənin və xalqın taleyinə görə məsuliyyət hiss etməli, siyasətini və ritorikasını buna uyğun qurmalıdır. 

Məsələn, Azərbaycanın siyasi liderləri "Güney Azərbaycan bizimdir!”, "Dərbənd bizim olacaq!” deyə bilər və bu tip bəyanatlar ölkə daxilində çoxlarının ürəyindən olar, alqış toplayar. Amma bu, sonda ona səbəb ola bilər ki, bir gün Bakı da əldən çıxar. (Tarixçilər, ədəbiyyatçılar, jurnalistlər, ümumən toplum əlbəttə ki, bunları deyə və yaza bilər, onu yasaqlamaq olmaz.)

Müxalifət düşərgəsində 90-cı illərdən qalma bəzi təsəvvürlərə indi də rast gəlirik ki, biz (ölkə və siyasi qüvvə olaraq) Rusiya və İrana qarşı nə qədər sərt mövqedən çıxış etsək, bir o qədər Qərbin dəstəyini qazanarıq. Bu da yanlışdır. Əksinə, bu tip siyasətçilər və siyasi qüvvələr Qərbi də qorxudur. Məsələn, Gürcüstanda güclü müxalifət və müxalif mövqeli vətəndaş cəmiyyətinin olmasına baxmayaraq, İvanişvili hökumətinin bu qədər davam gətirməsinin səbəblərindən biri budur ki, əsas alternativ qismində hələ də Saakaşvili çıxış edir, Qərb isə Rusiya ilə körpüləri yandırmış və daxili düşmənlərinə qarşı revanşist əhval-ruhiyyədə olan Mişanın qayıdışında maraqlı deyil. Bu səbəbdən İvanişvilinin yarımavtoritar rejim qurmasına, seçkilərin nəticələrinə "əl gəzdirməsinə”, müxalifətə qarşı ara-sıra həyata keçirdiyi repressiyalara dözümlü yanaşırlar.

Şahin Cəfərli

OXŞAR XƏBƏRLƏR

X