Alimlər ayaq baş barmağımızın bədənimizdə ən gec inkişaf edən hissələrdən biri olduğunu aşkarlayıblar.
Ulu əcdadlarımız iki ayaq üzərində yeriməyə başlayan zaman, ayaqları vasitəsilə budaqlardan yapışıb ağaclardan da sallana bilirdilər.
Yerdə yerişləri fərqli olsa da, kifayət qədər rahat hərəkət ediblər.
Ayaqda tədricən təkamül edən sərt baş barmaq isə yeriyərkən və qaçarkən effektiv itələmə gücü verir.
Bu elmi nəticələr Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.
Bu yeni araşdırmada alimlər, quyruqlu və quyruqsuz meymunlar daxil olmaqla canlı primatların və fosillərin ayaq barmağı oynağının 3D görünüşünü nəzərdən keçiriblər və sonra müasir insan ilə müqayisə ediblər.
Onlar məlumatı təkamül ağacı kimi təsvirdə əks etdirərək insan ayağının formalaşması tarixi və hadisələr ardıcıllığını müəyyənləşdiriblər.
Baş barmağın və ya anatomik dildə "halluksun" hazırkı sümüklər forması, onların tədqiq etdikləri sümüklər ilə müqayisədə daha gec təkamül edib.
Bunun əhəmiyyəti nədir?
BBC-yə müsahibəsində tədqiqatın aparıcı müəllifi Milwaukee-də yerləşən Marquette Universitetindən Dr. Peter Fernandez deyir: "Bizim indiki insan şəklini almağımızda həlledici faktor iki ayaq üzərində effektiv yerimək və qaçmaq bacarığı və ya 'bipedal'lağımızdır.
Hər şeyin birgə işləkliyi üçün isə bipedallığın unikal biomexaniki tələblərinə cavab verəcək ayaq sümükləri təkamül etməli idi."
"Baş barmaq da mexaniki olaraq yeriməyi təmin edən mühüm hissədir.
Tədqiqatımızla göstərdik ki, həmin barmaq müasir formasına digər ayaq barmaqlarından daha gec gəlib çatıb," o əlavə edib.
Baş barmağın ən sonda təkamül etməsinin ən çox və ya ən az vacib hissə kimi qiymətlənidrmək gərəkib-gərəkmədiyi sualımızı Dr. Fernandez belə cavabladı: "Ola bilsin ki, dəyişilməsi ən çətin hissə olduğuna görə sonda təkamül edib.
Biz burada güzəşt olduğunu da düşünürük. Əcdadlarımız tam olaraq yerdə yerimək vərdişinə yiyələnməmişdən qabaq ağaclarda da vaxt keçirdiklərinə görə baş barmaqdan tutmaq üçün istifadə ediblər.
"Müasir insan ayaq barmaqlarının yerimək üçün faydalı oriyentasiyaya keçməsi üçün stabilliyi inkişaf etdirməyi bacarıb, lakin meymundakı kimi çevik (elastik) deyil.
Niyə insanlar gəzməyə başlayıb?
Əcdadlarımızın iki ayaq üzərində durub yeriməyə başlamaq səbəbi hələ də sirdir, amma bu barədə kifayət qədər nəzəriyyələr mövcuddur.
Alimlərə görə, yerimək ya əllərimizin alətlər daşımaq üçün azad olduğuna görə, ya iqlim dəyişikliyi nəticəsində meşələrin qırılmasına görə, ya da nazik budaqlar üzərində yerimək üçün baş üstündəki budaqlardan yapışıb, sallanaraq hərəkət etmək imkanı yaratdığına görə təkamül edib.
Bu kimi yeni araşdırmalar göstərir ki, aşkarlanan 4,4 milyon yaşlı fossil Ardipithecus ramidus-a qədər ilkin əcdadlarımız dik vəziyyətdə milyon illərlə yeriyiblər. Lakin onlar müasir dik duruşlu yerişə daha sonralar yiyələniblər.
Çox güman ki, bu bizim Homo qrupuna daha yaxın qruplarda mövcud olub.
Digər işlərlə yanaşı, bu yeni tədqiqat da göstərir ki, ilkin yeriyən insanlar və ya "homininlər" ayaqlarında əşyaları tutmaq üçün istifadə edirmişlər.
Reaksiya necə oldu?
Tədqiqat üzərində işləməyən New York-un City Universitetindən Dr. William Harcourt-Smith deyir: "Onlar təklif edirlər ki, ən ulu homininlərdən biri olan Ardipithecus meymunlar və müasir insanın ümumi əcdadından daha fərqli şəkildə, amma müasir insan kimi yeriyib. Məncə, homininlərin içində belə, bipedallıq fərqli şəkildə sınanılıb."
Londonun Natural History Muzeyindən insan anatomiyası üzrə mütəxəssis professor Fred Spoor söyləyir: "Homininlərin ayağının tutmaq bacarığına malik olması bir az şok təsiri yaratdı.
Çünki uzun baş barmaqla dik yeriş üst-üstə düşmür.
Bu tədqiqat ayağın müxtəlif hissələrinin müxtəlif funksiyaları yerinə yetirdiyini göstərir. Demək ki, baş barmaq uzun olsa da, biped kimi normal hərəkət etmək mümkündür."
Son addım
Tədqiqati aparan alimlər düşünürlər ki, erkən homininlərin ayaqları qarışıq və çoxyönlü funksiyalara malik olublar.
İnsana çevrilmək böyük bir dəyişiklik olmayıb, əksinə tədrici dəyişikliklər seriyası bizi indiki halımıza gətirib.
Ən son və mübahisəsiz ən vacib dəyişikliklər baş barmaqda yaşanıb.
Peter Fernandez, ikiayaqlı yerimək təkamülü əsnasında baş verən dəyişiklikləri tam xarakterizə etmək üçün ayağın qabaq hissəsindəki qalan sümüklər üzərində də bənzəri analizlər icra etmək istədiklərini deyib.
Mənbə: BBC
Şərhlər