Qarşıdan gələn 2019-cu ildə növbəti bələdiyyə seçkiləri ilə bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini istəyirik. Bununla bağlı bir neçə dəfə təkliflərimizi, fikirlərimizi səsləndirmişik. Milli Məclisin plenar iclaslarında bir necə dəfə bu yöndə təkliflərimi söyləmişəm.
Qaynarinfo xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrlə bağlı bəzi islahatlara, daha doğrusu, onlarla əlaqədar Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinə ciddi ehtiyac var:
"Çünki bu gün Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur. Heç onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir.
Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə nə ehtiyac var?! Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır. Yəni, bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir.
Hesab edirik ki, artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə Seçki Məcəlləsinə dəyişikliklər olunmalıdır.
Əgər bunlar olarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyəyə çata bilər. Onu da deyim ki, hələ seçkilərə vaxt var. Odur ki, zamanı gələndə bu məsələləri reallaşdırmağa çalışacağıq”.
YAP rəsmisi bələdiyyə seçkilərinin vaxtında keçiriləcəyini, burada hansısa dəyişiklik edilməyəcəyini sözlərinə əlavə edib.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər