Bələdiyyənin vəzifəli şəxsi rüşvət alarkən saxlanıldı

Bələdiyyənin vəzifəli şəxsi rüşvət alarkən saxlanıldı

Bakı şəhər Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun qanunsuz hərəkətləri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
 
Baş Prokurorluğun Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, müraciət əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, iyulun 3-də Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda Zaur Müslümov qəbir yerinin ayrılması müqabilində vətəndaşdan tələb etdiyi 3 000 manat pul vəsaitinin 2 300 manatını alarkən cinayət başında yaxalanıb.

İstintaqla Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun öz qulluq mövqeyindən istifadə edib 1 saylı Dağüstü qəbiristanlıqda qəbir yerinin ayrılması adı ilə aldatmaqla vətəndaşı rüşvət qismində verməli olduğuna inandıraraq tələb etdiyi 3 000 manat pul vəsaitinin 700 manatını iyul 1-də, qalan 2300 manatını isə iyulun 3-də qəbiristanlığın ərazisində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Zaur Müslümova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR