Səhər 80 qəpiyə satılan AI-95, gecənin qaranlığında 13 qəpik bahalaşdırılıb
Aprelin 4-ü axşam saatlarında AI-95 markalı benzin bahalaşdırılıb. Səhər saatlarına qədər 80 qəpikdən satılan AI- 95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.
Şəhərin yanacaqdoldurma məntəqələrindəki vəziyyətlə bağlı yeni məlumatlar gəlməkdə davam edir. Oxucuların verdiyi məlumata görə, bəzi yanacaqdoldurma məntəqələrində qiyməti 0,70 manat olan Aİ 92 markalı benzin satılmır. Amma əksər yanacaqdoldurma məntəqələrində bu markalı benzin hələ də var.
Son məlumata görə, Aİ 92 markalı benzini də Aİ 95 markalı benzinin aqibəti gözləyir. Belə ki, anbarlarda bu markalı benzin bitdikdən sonra yeni adda və qiyməttə Aİ 92 benzini əhaliyə təqdim olunacaq. Adı yeni, özü isə köhnə olan benzinin yeni qiymətinin necə olacağı hələlik məlum deyil.
Saytın əməkdaşları Bakının yanacaqdoldurma məntəqələrində müşahidələri davam etdirirlər.
***
AZPETROL-un yanacaqdoldurma mətəqəsində “Yeni Müsavat”ın əməkdaşına bildirilib ki, bundan sonra AI-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılacaq. Diqqət çəkən məqam həm də odur ki, yanacaqdoldurma məntəqələri Aİ 92 markalı benzinin satışını dayandırıb.
Bu artıq 3 ayda benzinin 2-ci dəfə qəfil artımıdır. Dekabr ayında da Azərbaycan hökuməti sürücülərə gecə sürprizi olaraq AI-80 və AI-92 markalı benzinin bir litrinin qiymətini 55 qəpikdən 70 qəpiyə, AI-95 markalı benzin qiymətini 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiymətini isə 45 qəpikdən 60 qəpiyə qaldırmışdı.
Qəfil bahalıq sürücülərin etirazına səbəb olub. Sürücülər Avropa standartların keçid adı ilə AI-95 markalı benzinin onlara Premium markası kimi satılmasını, üstəlik bu addımın Tarif Şurasının qərarı olmadan atılmasını hökumətin vətəndaşların cibinə girməsi kimi dəyərləndirib.
Qaynar.info
Şərhlər