“Beşinci möhür”: müstəbid, yoxsa kölə...

“Beşinci möhür”: müstəbid, yoxsa kölə...

Məmməd SÜLEYMANOV 
 
Alber Kamyunun "Taun”unda kiçik məmur Qran yazacağı əsərə birinci cümləni axtarır və tapa bilmir. Beynində süjet var, personajlar var - ilk cümlə yoxdur. Deməli, əsər də yazılmayacaq.

Başlanğıc yoxdursa, orta və son da olmayacaq. Qranı anlamaq olar - ilk cümlə lüğətdəki istənilən sözlə başlaya bilər. Alternativlərin sonsuzluğu. Belə halda necə seçim edəsən?!

Onun vəziyyəti ilə müqayisədə Buridan eşşəyinin seçim imkanları olduqca məhduddu, yalnız iki variant vardı: ya ota, ya da suya doğru getməliydi. Düzdür, sonunda Buridan eşşəyi ölür - həm aclıqdan, həm də susuzluqdan. Seçim etmir. Ancaq Kamyunun ardınca təkrarlaya bilərik - biz seçim etməyəndə də nəyisə seçirik. Seçməməyi seçirik və bu da seçimdir.

Beləliklə, çoxsaylı seçim variantları ilə müqayisədə cəmisi iki variantın mövcudluğu da seçim prosesini asanlaşdırmır. Çox vaxt da ona görə ki, seçməmək variantı seçilir. Belə daha asandır. 

Və biz gəlib neytrallar haqqında nağıllara dirənirik. Dekabristlər buzlu suda batanda sevinən mujiklər, yaxud 1881-ci ildə Perovskaya və Jelyabovun edamına tamaşa edib sonra onların asıldığı kəndir parçasını cəlladdan pulla alan obıvatellər kimi (Hadisənin şahidi olmuş Dostoyevski "Bu, Rusiyanın tarixində ən mənfur edam idi” yazacaqdı). 

Ancaq elə bir an, ekzistensialistlərin bəhs etdiyi "mühasirə vəziyyəti”, ekstremal şərait gəlib çatır ki, seçmək qaçılmaz olur. Fərd nə qədər istəməsə də, nə qədər müqavimət göstərsə də seçməlidir. Başqa variant qalmır.

***

Və bu vaxt başqa problem yaranır - əgər seçim üçün təklif olunan variantlar əvvəldən səhvdirsə, başqa alternativ isə yoxdursa? Məgər SSRİ-nin demontajı zamanı bizə məhz həmin saxta alternativləri təklif etmədilərmi? Ya İksin diktaturası, ya da İqrekin diktaturası (İks və İqrek arasındakı illüzor fərqə fokuslanma hər iki halda diktaturanın seçilməsini pərdələdi). Ya "asılı demokratiya”, ya da "milli demokratiya”. Ya toxların faşizmi (neoliberalizm), ya da meşşanların faşizmi (millətçilik). Və beləcə.

Hətta bu şəraitdə belə seçim etmək lazım gəlir. Qran mütləq birinci cümləsini yazmalıdır... 

***

Macar kinosunun klassiki Zoltan Fabri 1976-cı ildə "Beşinci möhür” filmini çəkir (Berqmanın "Yeddinci möhür”ü ilə assosiasiya təsadüfi deyil). Sonrakı il film Moskva kinofestivalının baş mükafatını alır, intellektual dairələrdə qızğın mübahisələr doğurur və... unudulur. Halbuki Fabrinin pritçasının seçim alternativlərinin nisbətən çox olduğu 20-ci əsrlə müqayisədə məhz indimizə ifrat aiddiyyatı var (və bəlkə buna görə də unudulub).

Yazıçı Ferents Şantanın eyniadlı əsəri əsasında çəkilmiş "Beşinci möhür”də fərdlərə vur-tut iki alternativ təklif olunub: müstəbid olmağı seçirsən, yoxsa kölə olmağı. Göründüyü kimi, digər variantlar, məsələn, Qiyamçı (üsyançı) variantı yoxdur. Əsərdəki 1940-cı illərlə müqayisədə 21-ci əsrin seçim dəstinə daha yaxın təklifdir. Ancaq hər şey barədə daha ətraflı bəhs edək...
 

 
***

1944-cü ilin sonlarının Budapeşti. Admiral Xorti devrilib, yerinə faşist Salaşi keçib. Onun nilaşistləri ölkədə terror saçır, kommunistləri məhv edir və belə bir vaxtda 4 köhnə tanış axşamlar meyxanada əyləşib ənənəvi söhbətlərini edirlər. 

Saatsaz Dyuritsa kinikdir, digərlərinə ironiya ilə yanaşır. Meyxanaçı Bela "mən savadsız adamam” deyir və bir çox məsələlərdə neytrallığını bununla əsaslandırır. Kitab alverçisi Kirai tipik obıvatel və liberaldır, xoşbəxtdir ki, Bosx haqqında kitabı (Eh, Bosx, bu tip mövzularda sənsiz keçinməkmi olar!) bir kilo ətə dəyişə bilib. Dülgəк Kovaç isə mühafizəkar və dinə tapınan proletardır.

Onların ənənəvi söhbətinə həmin gecə qəfil qonaq da qoşulur. Kesei özünü "fotoqraf-rəssam” kimi təqdim edir. Onun bir ayağı şikəstdir, ancaq bu, müharibədə yox, Monblana qalxarkən baş verib. Və paradoks - bu personaj zahirən Salaşinin ekizidir.

Beləliklə, ətrafda qan və müharibədir, Sovet qoşunları Macarıstana yaxınlaşır, yerli kommunistlər partizanlıq edir, meyxanada toplaşanlar isə bu qanlı dövrü kənarda oturub gözləməklə başa vuracaqlarının ümidindədirlər. Meyxanaçı Bela "mən balaca adamam, ancaq vicdanım təmizdir” deyir.

Və saatsaz Dyuritsa onlara pritça danışır: Luç-Luç adasında müstəbid Tomoseus və kölə Dyudyu yaşayır. Bir gün Tomoseus gülümsəyən Dyudyudan bunun səbəbini soruşur. "Heç, bir şeyi xatırladım” - Dyudyu deyir. Tomoseus "Elə edəcəm ki, heç nə xatırlamayasan” söyləyərək Dyudyunun dilini qopartdırır. Ancaq bu, onun xatırlamaq imkanını yox edə bilərmi? Sonrası daha dəhşətlidir - Dyudyunun 11 yaşlı qızının ölümü, yeniyetmə oğlunun əlindən alınması, qadınının qulaqlarının kəsilməsi və sonda Dyudyunun hər ki gözünün çıxarılması.

Dyudyu isə hər axşam yatmazdan əvvəl deyir: "Mən əzab çəkirəm, ancaq pislik etmirəm. Mənim vicdanım təmizdir”. Bir sözlə, Nitsşedən qalma resentiment (obıvatel terminləri ilə desək, kasıbın "Mən ona görə kasıbam ki, varlı olmaq istəmədim, çünki sərvətlər əyriliklə qazanılır” yalançı təsəllisi. Halbuki, həvəslə varlı olmaq istərdi, ancaq bacarmayıb, indi də vicdandan danışır).
 
Kənardan bilmək olmur - kim nəyi seçəcək. Əksər hallarda fərdlər özləri də hüdudi vəziyyətdə hansı seçimi edəcəklərindən xəbərsizdirlər. 


Tomoseus da vicdan əzabı çəkmir. Əksinə, əmindir ki, haqlıdır və ən ədalətli hökmdardır.

Dyuritsa həmsöhbətlərinə dilemma təklif edir: ölümünüzə 5 dəqiqə qalıb, sonra yenidən dirilə bilərsiz, ancaq bir şərtlə - ya Tomoseus, ya da Dyudyu olmağı seçməlisiz. 

Kesei kölə olmağı seçdiyini deyəndə Dyuritsa onu yalançı adlandırır. Digərləri də bu təsadüfi qonağın seçiminə inanmırlar. 

Hər kəs evinə (Kirai isə məşuqəsinin yanına) yollanır. Özünü təhqir olunmuş sayan Kesei "Onlar mənim əzabı seçdiyimə inanmadı. Mən onlara əzabkeşliyi öyrədəcəm və buna şahidlik edəcəm” düşünür. Və gizli polisə gələrək onların hökumət əleyhinə söhbətlər etdiklərini söyləyir.

Həmin saatlar ərzində biz Dyuritsanı öldürülmüş kommunistlərin övladlarını öz mənzilində gizlətdiyini, digər üç nəfərin isə bütün gecəni yata bilməyərək "Tomoseus, yoxsa Dyudyu” dilemması üzərində baş sındıraraq sonda üstünlüyü müstəbidə verdiyini görürük. Bəli, kitab alverçisi də, meyxanaçı da, dülgər də Tomoseus olmağı seçir. Heç kim Dyudyu olmaq istəmir. 

Bəs vicdan? Fərq etməz, axı Tomoseus da vicdan əzabı çəkmir.
 


***

Final gözlənilməzdir. Sabahı gün onların 4-nü də tutub aparırlar. İşgəncə verirlər, təhqir edirlər, iradələrini sındırırlar. Və güllələməyə hazırlaşırlar.

Elə bu vaxt yaşlı müstəntiqlə gənc müstəntiqin planları ayrılır. Yaşlı faşist deyir: Qorxulu olanlar heç də əlində silah vuruşan bir neçə min adam deyil, əsas təhlükə bu sakit həyat tərzi sürən, qeybət edən və yeyib-içən, dövrün burulğanlarından kənarda dayanmaqla çıxmağa çalışan əksəriyyətdən gəlir. "İnsanı öldürmək asandır, ancaq insanda şəxsiyyəti öldürmək çətin işdir. Sizin məqsədiniz onlarda özlərinə nifrət yaratmaqdır. Yalnız bu vaxt onlar təhlükəsiz olacaqlar” - yaşlı faşist deyir.

Və məhbuslara xəyali yox, reallıqda ya Tomosuesu, ya da Dyudyunu seçmək altertivi təklif olunur. Onları çarmıxa çəkilmiş, son saatlarını yaşayan, xırıldayan kommunistin yanına gətirirlər. Hər biri can verən kommunistə iki sillə vurmalıdır. Bunu edən azadlığa çıxır, etməyən isə güllələnir.

Ötən gecə Tomoseus olmağa qərar vermiş kitab alverçisi də, meyxanaçı da, dülgər də Dyudyu olmağı seçirlər və öldürülürlər. Saatsaz Dyuritsa isə yaxınlaşır, çarmıxdakı insana iki silləni vurur və azadlığa çıxır. Hər şeyini itirərək, heç kəsə çevrilərək.

***

Kənardan bilmək olmur - kim nəyi seçəcək. Əksər hallarda fərdlər özləri də hüdudi vəziyyətdə hansı seçimi edəcəklərindən xəbərsizdirlər. 

Yazıçı Şanta da, rejissor Fabri də əslində heç bir cavab təklif etmir. Onlar yalnız sual qoyur. Elə bir sual ki, onun cavabı təkcə ekranda yox, ekran qarşısında oturanlar üçün də məchuldur. Hüdudi vəziyyətdə seçimdən qaçmaq olmaz. Ancaq həmin an kimin necə davranacağının onun adi vəziyyətlərdə necə göründüyündən və hansı sözlərdən, nitqlərdən istifadə etməyindən heç bir asılacağı yoxmuş.

Seçmək hüqüqu, əxlaqi dəyərlər və insan qəlbinin dərinlikləri haqda danışmağı sevən obıvatellər üçün soyuq duş.

Əvvəl-axır, fotoqraf Kesei də yüksək ideallardan və əzabkeşlikdən danışırdı...


XƏBƏRLƏR
BLOGLAR