Beynəlxalq təşkilatlar Azərbaycanda bağlanmalıdırmı? - MÜNASİBƏT
Asim Mollazadə: “Beynəlxalq təşkilatların ofisi bağlanmamalıdır”
Aydın Mirzəzadə: “Həmin təşkilat özünü müxalif qüvvələrdən biri kimi aparır”
Son günlər Azərbaycanda ATƏT-in Bakı ofisi və Milli Demokratiya İnsititutunun fəaliyyəti ilə bağlı bəzi irad və ittihamlar səsləndirilir. Buna səbəb həmin təşkilatların ölkədə keçirilən razılaşdırılmamış aksiyalara dəstək vermələri göstərilir. Hətta hakim partiyaya yaxın bəzi şəxslər bu təşkilatların bağlanmasını tələb edir.
Adı çəkilən məsələyə münasibət bildirən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Qaynar.info-ya bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi vacibdir: “Azərbaycanın beynəlxalq təşkilatlarla geniş əməkdaşlığı olmalıdır. Hansı iradlar, problemlər varsa, onlar ciddi araşdırılmalıdır. Bu araşdırmanın nəticəsi olaraq nöqsanlar aradan qaldırılmalıdır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların ofisi bağlanmamalıdır: “Çünki bu, Azərbaycanın əməkdaşlıq etdiyi sahədir. Azərbaycan həm ATƏT-lə, həm də ABŞ-ın demokratik insititutları ilə illərdir ki, əməkdaşlıq edir və bu əməkdaşlıq davam etdirilməlidir. Hər hansı problem varsa, araşdırılmalıdır və göstərilməlidir. İttihamları düzgün hesab etmirəm”.
YAP-çı deputat Aydın Mirzəzadə ATƏT-in Bakı ofisi ilə bağlı təklif səsləndirib: “Azərbaycanın beynəlxalq təşkilatlarla münasibəti normaldır. Hər hansı təşkilatla problemimiz yoxdur. ATƏT-in Bakı ofisi ilə əməkdaşlığı yeni mərhələyə keçirməyi təklif edirik. Bu, dünya praktikasında qəbul olunub. Azərbaycanın ölkədə fəaliyyət göstərən ATƏT-in Bakı ofisi ilə əməkdaşlığı olub, müxtəli layihələr işlənilib, müxtəlif məsələlər birgə müzakirə edilib. Bu gün də həmin ofislə Azərbaycan tərəfi arasında heç bir problem yoxdur. Sadəcə, Azərbaycan tərəfi onun statusunun dəyişdirilməsini təklif edir. Biri var nümayəndəlik, bu, artıq rəsmi təmsilçilikdir, biri də var ATƏT-in buradakı layihə koordinatoru. Bunlar arasında fərq həddindən artıq böyükdür. Layihə koordinatoru təmsilçilikdən statusca, təmsilçilik funksiyalarına görə daha böyükdür. Yəni bu barədə danışıqlar gedir, nəticə barəsində məlumatlar veriləcək”.
Milli Demokratiya İnsititunun fəaliyyətinə də toxunan deputat deyib ki, həmin təşkilat beynəlxalq təşkilat deyil: “O xarici ölkənin qeyri-hökumət təşkilatıdır. Belə təşkilatların sayı dünyada milyonlarcadır. Onların hansınınsa Azərbaycanda fəaliyyət göstərməsini həm müsbət, həm də mənfi tərəflərinə həmin təşkilat özü cavabdehdir. O, öz proqramını həyata keçirmək üçün Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkədə məskən salır və qanunvericilik çərçivəsində də fəaliyyət göstərməlidir. Konkret olaraq Milli Demokratiya İnstitutu son dövrlərdə öz statusuna uyğun olmayan fəaliyyət göstərir. Hesab vermir, külli miqdarda pulun hara xərcləndiyi barədə məlumat vermir. Bir qayda olaraq onun ölkədə icazəsiz aksiyalarda, hökumətə qarşı fəaliyyətdə hallanır. Faktiki olaraq həmin təşkilat özünü müxalif qüvvələrdən biri kimi aparır. Belə olan halda, aydın məsələdir ki, hakimiyyət reaksiya verməlidir. Baş Prokurorluq araşdırma nəticəsində əldə edilən materialları ABŞ səfirliyinə təqdim edərək buna münasibət bildirilməsini xahiş etməlidir. ABŞ tərəfdən hələ hansısa fikir bildirilməyib. Hesab edirəm ki, hər bir dövlət özünün suverenliyini, daxili siyasətinin formalaşmasını yanlız daxili resurslar hesabına baş verməsi prisnsipini əsas götürərək bu məsələdə öz mövqeyini ortaya qoymalıdır”.
İlkin
Qaynar.info
Şərhlər