Hər bir mobil operator abonenti gün ərzində ən azı bir neçə dəfə bezdirici reklam mesajları alır. Bəzən vaxtımızı həmin mesajları silməyə sərf edirik. Reklamlar əsasən məişət avadanlıqları, ev və restoran, iaşə obyektləri, lotoreya oyunları, kompüter oyunları və s. ilə bağlı olur. Xüsusilə “8228”-dən gələn “FİFA 14 Çempionatına sən də qatıl”, “Bu avtomobili qazanmanız bir sms-ə bağlıdır” kimi insanları aldadan və çox vaxt konturların “yeyilməsinə” gətirib çıxaran “fırıldaqlar”dan bezsək də, çarə tapılmır.
Bir ailədə bir neçə nəfərin mobil telefonu olduğunu nəzərə alsaq, onda operatorların insanları aldatmaqla gün ərzində nə qədər pul qazandığını təsəvvür etmək çətin deyil. Məsələ o qədər narahatlıq doğurub ki, hətta bir müddət əvvəl Milli Məclisin iclasında da geniş müzakirə mövzusu olub. Parlamentin sədri Oqtay Əsədov da bununla bağlı addımlar atılmasının vacibliyini vurğulayıb. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova isə mobil operatorların reklam sms-ləri məsələsinə ciddi yanaşmasının vacibliyini bildirib: “Bu mesajlar insanlara mane olur, bezdirir, hətta əgər mesajı açsaz və ya səhvən başqa düyməyə bassanız, konturlarınız da gedəcək. Mobil operatorlar bunu nəzərə almalı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bunun qarşısını alan tədbirlər həyata keçirməlidir”.
“Azercell” şirkətinin mətbuat xidmətindən Günay Məmmədli məsələ ilə bağlı Modern.az-a bunları deyib: “Azercell” abunəçilərinin nömrələrinə daxil olan reklam xarakterli sms-ləri üçüncü şirkətlər göndərir və abunəçi istədiyi zaman həmin göndərişlərin sonunda qeyd olunan şifrədən istifadə edərək onlardan imtina edə bilər”.
Şirkət rəsmisi onu da vurğulayıb ki, üçüncü şirkətlərin göndərdiyi sms-lərin məzmununa görə mobil operator cavabdehlik daşımır. Bu isə o deməkdir ki, üçüncü şirkət “Azercell” abonentlərinin azyaşlı və yeniyetmə olmasını nəzərə almadan istədiyi mövzuda reklam göndərə bilər.
Ölkədə aparıcı mobil operator olan “Bakcell” şirkətinin mətbuat xidmətinin əməkdaşı isə Modern.az-a bildirib ki, reklam və digər xarakterli qısa mesajların göndərilməsi prosesində, adətən bir neçə tərəfin iştirakı tələb olunur. Kütləvi sms-lərin isə 3 növü mövcuddur: “Dükan, bank və digər şirkətlərin reklam xarakterli mesajları; Üçüncü tərəflər (yəni məzmun və xidmət təchizatçıları) tərəfindən təqdim olunan xidmətlər; Operator tərəfindən yeni tarif və ya məhsullar barədə göndərilən məlumat. Abunəçilər ticarət və satış nöqtələrində, eləcə də banklar və digər obyektlərdə müəyyən məhsulların əldə edilməsi zamanı satıcılara (məsələn, reklama cavab verməklə, yaxud güzəşt və s. kimi kartların əldə edilməsinə dair ərizə formasını doldurmaqla) öz mobil nömrələrini təqdim edirlər. Onlar isə öz müştərilərinə reklam xarakterli mesajların göndərilməsi üçün üçüncü tərəflərlə (xidmət və məzmun təchizatçıları ilə) müqavilə bağlayır. Şirkət rəsmisi onu da vurğulayıb ki, bu cür mesajlara “Bakcell” nəzarət etmir, çünki bu sms-lər həmin şirkətlərin öz müştərilərinə göndərdiyi məlumatlardır və onların tərəfimizdən bloklaşdırılması müqavilənin şərtlərinin pozulması kimi qəbul olunacaq: “Bakcell” olaraq müştərilərimizə tövsiyə edirik ki, arzu etmədikləri reklam mesajlarının qarşısını almaq üçün gələcəkdə öz nömrələrini digər tərəflərə təqdim edərkən bir qədər diqqətli olsunlar.
Ödənişli xidmətlər abunəçinin yalnız özü tərəfindən sms, yaxud müəyyən internet səhifələri vasitəsilə aktivləşdirilə bilər. Yalnız “Bakcell”in keçirdiyi “pulsuz həftələr” tipli kampaniyalar zamanı mütləq qaydada abunəçilərə balansdan məbləğın çıxılmasından əvvəl məlumat verilir. Digər provayderlər isə çox vaxt məlumat vermədən tələb olunan məbləği abunəçinin hesabından silirlər. Buna görə bütün müştərilərə tövsiyə olunur ki, hər hansı məzmun və ya xidmət təchizatçısının xidmət və ya kampaniyasına qoşulmazdan əvvəl (yaxud iştirakını təsdiq etməzdən qabaq) həmin xidmətin/kampaniyanın müvafiq şərt və qaydaları ilə diqqətlə tanış olsunlar”.
Mətbuat xidmətindən o da bildirilib ki, “Bakcell” xidmətlərinə aid olan sms-lərin dayandırılması üçün müvafiq nömrəyə “STOP” sözünü göndərmək kifayətdir: “Bakcell” şirkətinə abunəçilərdən qeyd olunan məsələ ilə bağlı şikayət daxil olduqda, müvafiq üçüncü tərəflərə (provayderlərə) dərhal məlumat verilir və sms-lərin həmin nömrəyə göndərilməsi dayandırılır.
Şirkətimizin göndərdiyi sms-lər isə ödənişli deyil və müştərinin balansına təsir etmir. “Bakcell” şəbəkəsində qısa mesajların alınması pulsuz xidmətdir. Ödənişli xidmətlərdən istifadə üçün isə MÜTLƏQ qoşulma tələb olunur. Bəzi hallarda isə müştərilər yeni SİM, yaxud tarif paketinin hissəsi olaraq müəyyən xidmətlərə qoşulurlar, bu isə yeni paketin şərt və qaydalarında qeyd edilir və yalnız “Bakcell” xidmətlərinə aiddir. “Bakcell” şirkəti bu məsələnin dövlət tərəfindən tənzimlənməsini dəstəkləyir. İnanırıq ki, müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə görüləcək işlər “Bakcell”in öz müştərilərinə göstərdiyi xidmətlərin keyfiyyət və səviyyəsinin artırılmasına kömək edəcək”. //Modern.az
Şərhlər