Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə hesab edir ki, bəzi qüvvələr Azərbaycanda tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır.Qaynar.info AzərTAc-a istinadla xəbər verir ki, Allahşükür Paşazadə bu fikirlərini aprelin 17-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında açıqlayıb.
Şeyxülislam bildirib: “Azərbaycanın inkişafını gözü götürməyən bəzi qüvvələr ölkəmizdə əlverişli tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır. Bu qüvvələrlə mübarizə aparmaq üçün biz tez-tez bölgələrdə olur, müxtəlif görüşlər, tədbirlər keçirir, geniş maarifləndirmə işi aparırıq”.
Allahşükür Paşazadə bu məqsədlə bölgələrdə müxtəlif dini ədəbiyyat və vəsaitlərin paylandığını diqqətə çatdırıb. O, Qazılar Şurasının və Elmi-Dini Şuranın tövsiyə və qərarı ilə son illər çapdan çıxmış kitablar və vəsaitlər barədə də məlumat verib. Bildirib ki, “Qurani-Şərif”in Azərbaycan dilində təfsiri olan Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin üç cilddə müasir üslubda nəfis çapı, “Axund və imamlar üçün xütbə nümunələri” adlı vəsaitin, Ayətullah Cəfər Sübhaninin “Vəhhabi cərəyanı” əsərinin yeni redaktədə nəşri və s. cəmiyyətin dini maarifləndirilməsi işinə mühüm töhfə verib. Bu istiqamətdə işlər davam etdirilir.
Allahşükür Paşazadə bir çox nüfuzlu dövlət xadiminin təltif olunduğu QMİ-nin “Şeyxülislam” ordeninin ikinci və üçüncü dərəcələrinin, bundan əlavə, “Vəhdət” və “Füzuli” ordenlərinin təsis edilməsinin vacibliyini diqqətə çatdırıb.
İclasda Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev də ölkədə qeyri-ənənəvi dini cərəyanların, cəmiyyətdə dini ayrı-seçkiliyi təbliğ edən qüvvələrin qarşısının alınması məqsədilə din xadimlərinin bölgələrdə ictimaiyyətlə mütəmadi görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb.
Qaynar.info
Şərhlər