17 gündür Biləsuvarda evimi daşa tutanlar nə üçünsə hələ də tapılmayıb.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında Qarabağ qazisi Berkut ləqəbli keçmiş döyüşçü Asif Həşimov deyib. O bildirib ki, "Biləsuvarda Qarabağ qazisinin pəncərəsini kim və niyə daşa basır?” başlıqlı yazıdan sonra Biləsuvar rayon Polis Şöbəsinin rəisi onu qəbul edib:
"Rəislə görüşdüm. Məni səmimi qəbul etdi. Dedi ki, "biz uşaq idik, siz bizi qoruyurdunuz, indi növbə bizimdir”. Evimin daş atılan tərəfinə kamera qoydurdu. İki gün sanki atəşkəs oldu. İndi evin kamera görməyən hissəsindən daş atmağa başlayıblar. Daş atanı uşaqlar gözü ilə görüb. Bağda oturub nar yedikləri yerdə qonşu uşağının pəncərəyə daş atdığını görüblər. Məlumat verdik, polis gəldi, pəncərənin daş dəyən hissəsində sınan şüşələrin şəklini çəkib getdi. Bu cinayətlə bağlı ciddi addım atılmır. Bu məsələdə kiminsə əli var”.
Asif Həşimovun sözlərinə görə, məsələ ilə bağlı Rayon Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə, hətta rayon İcra Hakimiyyətində də məlumat verilib:
"Dedilər, narahat olmayın, nəzarətə götürəcəyik. Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar Şöbəsinə 3 dəfə getmişəm. Hətta birində ailə-uşağı maşına yığıb apardım ki, ailəm təhlükədədir. Dedim, ailə-uşaq qorxu içində yaşayır, sığınacaq verin, cinayətkar həbs olunana kimi burda qalsınlar. Dedilər, narahat olmayın. Dövlət Təhlükəsizlik Xidmətinə teleqram vurdum ki, mənim ailəm təhlükədədir. Mən Qarabağda tank-top atəşənin altında döyüşəndə ailəmin də yanında başı dik idim, ancaq indi hər dəfə ev daşa tutulanda təzyiqi qalxan anamdan, ayaqlarını pəncərələrin qırılmış şüşələri kəsib qana bulayan qızlarımın qarşısında utanıram. Bilmirəm, bu güc strukturları hara baxır? Hara, kimə deyim dərdimi? Dərdimi deməyə daha qurum qalmayıb. Amma sanki heç kim cinayətkarı həbs etmək istəmir”.
Qeyd edək ki, Biləsuvarda Qarabağ qazisinin evi daşa basılıb, pəncərələri qırılıb. Qarabağ qazisi Berkut ləqəbli döyüşçü Asif Həşimov bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat versə də, bu günə kimi heç bir tədbir görülməyib.
Bahar Rüstəmli
Şərhlər