Bir ac ölkənin ambisiyaları nə qədər olarmış?!..

Bir ac ölkənin ambisiyaları nə qədər olarmış?!..

Hüseynbala Səlimov

Son bir-iki ayda dünya KİV-lərinin xəbər başlıqlarına daha bir ölkənin də adı əlavə olunubdur: Venesuela... 

Deyilənə görə, çox gözəl bir təbiəti olan və bir vaxtlar Latın Amerikasının ən firavan ölkələrindən sayılan Venesuela indi ağır sosial səfalət və dərin siyasi böhran içindədir.

Əlbəttə ki, biz burada durub hamıya bəlli məqamları bir daha sadalamayacağıq və diqqəti daha çox bu proses ətrafında yaşanan siyasi olaylara və bir də ki, prosesin "aktyor”larına yönəltməyə çalışacağıq. 

Əvvəl bir xüsusi məqama diqqət çəkək ki, ABŞ-da Venesuela ilə bağlı prezident D.Trampla onun köməkçisi C.Bolton arasında əsl ziddiyyət yaşanır və bu ziddiyyətdən hələlik daha çox faydalanan isə dövlət katibi M.Pompeodur. 

Prezidentlə onun köməkçisi arasındakı ziddiyyətin məğzisə budur ki, Bolton Venesuela hadisələrinə daha radikal müdaxilənin tərəfdarıdır. Di  gəl ki, D.Tramp N.Maduronun hakimiyyətinə sanksiyalarla son qoymağa və əsgəri müdaxiləni ən son ana saxlamağa çalışır. Amma bu prosesin özəllikləri təkcə bundan ibarət deyil. Bəs nədən ibarətdir? Bunu indi bircə -bircə sadalamağa çalışacağıq. 

Ortada canfəşanlıq edənlərdən biri, hətta ən əsası yenə də Rusiyadır. Sanki bu ölkəyə keçmiş sovet məkanında yaratdığı münaqişələr, Suriya azlıq edir və indi də durub Maduroya vəkillik edir! Adam bunlar haqda düşünəndə ixtiyarsız olaraq bir sual keçir beynindən: İlahi, bir ac ölkənin ambisiyaları nə qədər olarmış?!..

Burada bir neçə il bundan əvvəl seyr etdiyimiz bir epizod yada düşür – bəli, uşaqdan "Rusiyanın sərhədləri harada bitir?” deyə soruşan V.Putin özü onun əvəzində cavab verir: "Rusiyanın sərhədləri heç yerdə bitmir”.

Düşünürük ki, izafi şərhə ehtiyac yoxdur; dünyanın bütün münaqişə ocaqlarında özünə yer etmək, yeni-yeni münaqişələr yaratmaq ki, diqqət Rusiyanın özündən uzaqlaşsın – bəli, Putinin də geostrategiyası budur.

Bir-iki il bundan əvvəlin daha bir olayı, aşkar cəhənnəmə dönmüş Suriyadan kiçik epizod düşür yadımıza: V.Putin əsgərlərin qarşısından keçir...  

Bu an onun üzündəki təkəbbürə sadəcə, diqqət etmək lazım idi –sanki bu  adam dünyanın hökmdarı idi...

Amma məsələ tək Putində də deyil – ruslar özləri də belə istəyir, bunlara yemək vermə, içmək vermə, bu cür epizodlar göstər, "Rossiya moquçaya!” deyib arağı çəkəcəklər başlarına...

Əlbəttə, mənə etiraz edə bilərlər ki, məgər ABŞ da belə etmirmi, Rusiyanı üzük qaşı kimi dövriyyəyə almırmı? Əlbəttə ki, edir və alır. Amma ABŞ başqa işləri də görübdür, bu ölkənin tək bir ştatının – Kaliforniyanın iqtisadi gücü cəmi Rusiyanın iqtisadi gücündən bir neçə dəfə böyükdür. Bu cür ştatların sayı isə ABŞ-da əllidir...

Bəs Rusiya bunun qarşılığında nə edir? Nüvə başlıqlarının sayını artırır. Ona görə də mübaligəsiz demək olar ki, Rusiya böyük Şimali Koreyadır, V.Putin də daha idman görkəmli Kim Çen Indır...

Ola bilsin ki, başqa detal da diqqətə gələcək və kimlərsə məni Rusiyaya qarşı nəzəçarpacaq aqressivlikdə qınayacaq. 

Amma olanı demək lazımdır. Bu bir faktdır ki, birinci yenidənqurma sovet ölkələrindən yalnız Baltik respublikalarını azad etdi (Dünya ölkələri, xüsusən də ABŞ məhz bunu tələb edirdi) və güman, mənimlə razılaşarlar ki, digərləri hələ də azad deyillər.

Düzdür, azad olmaq üçün daha çox çabalayan, Ukrayna, Gürcüstan və Moldova kimi ölkələr var, amma bunların hamısının ərazisində Rusiya münaqişələr yaradıbdır və bu ölkələr ha vurnuxurlar, gəl, hələ də canlarını Kremlin əlindən qurtara bilmirlər... 

Üstəlik, onların ərazisində Rusiya qarmağı olduğuna görə NATO da, Avropa Birliyi də onlarla arzuolunan səviyyədə münasibət qura bilmir. 

Odur ki, nəticə elə həmin, köhnə nəticədir: Rusiyada normal, bütün mütərəqqi dünyada olduğu kimi, sivil bir siyasi sistem bərqərar olmayınca ətraflarda rahatlıq olmayacaq. Bəzi ölkələr daim Kremlin artan təzyiqini hiss edəcək, digərləri isə Kremlin dəstəklədiyi avtoritar rejimlərin hakimiyyəti altında çürüyəcəklər. 

Bu səbəbdən də ikinci yenidənqurmanı da gözləmək lazım gələcək. Bəziləri bunda da bir "əmma” görürlər: deyirlər ki, birinci yenidənqurma ərəfəsində Rusiyada planlı dövlət iqtisadiyyatı hökm sürürdü və ölkə buna görə çökdü. 

Burada böyük bir həqiqət var, amma Rusiyada heç indi də azad iqtisadiyyat yoxdur, azad ölkə yoxdur və aydındır ki, əbədi olaraq belə qala bilməz: ən azı azadlıq və demokratiya aclığı bir gün rusları ayağa qaldıracaq, ayıldacaq... 

Üstəlik, unutmaq lazım deyil ki, sanksiyalar da var və onlar da arzuolunan sonluğu – ikinci yenidənqurmanın gəlişini sürətləndirə bilər. 

Elə bu səbəbdən ruslar özləri ayağa qalxmasa da Dünya Rusiyanın üzərinə qalxacaqdır – lap elə birinci yenidənqurmanın zamanında olduğu kimi...

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR