Xəbər lenti

İrəvan-Moskva münasibətləri bir səfərlə düzələndirmi?
Hüseynbala Səlimov
Dünya 11:32 06.05.2024

İrəvan-Moskva münasibətləri bir səfərlə düzələndirmi?

Bəli, daha bir gün keçəcək, hər şey aydınlaşacaq və yerini tutacaq - daha izafi şərhlərə ehtiyac qalmayacaq, bilinəcək ki, erməni baş naziri Moskvaya getdi, ya getmədi? Əslində, bu məsələ elə də mübahisə və maraq doğurmamalı idi. Amma hazırda Cənubi Qafqazda nüfuz uğrunda çox gərgin siyasi mübarizə gedir.
 
Rusiyanın təhlilçiləri bu müstəvidəki geosiyasi vektorların sayını azaltmağa çalışırlar. Onlar hesab edirlər ki, guya dünyada üç dövlətin – ABŞ-ın, Rusiyanın və Çinin qlobal geosiyasi proqramı var. Əlbəttə, bizim zənnimizcə, bura Avropanı da əlavə etmək olardı, amma məsələ bundadır ki, bir çox təhlilçilər hələ də Qoca qitəyə müstəqil geosiyasi vahid kimi baxmır, ABŞ-ın geoiqtisadi və geosiyasi maraqlarının davamı kimi yanaşırlar. Amma həqiqətdə necə, belədirmi? 
Birmənalı demək olmur. Amma təkcə Ukraynada yox, elə Cənubi Qafqazda da Avropa ABŞ-la çiyin-çiyinədir. Uzaq Şərq nəhəngi olan Çin isə dünya ölkələrinə hələ daha çox öz iqtisadiyyatı ilə nüfuz və sirayət edir. Fəqət iqtisadiyyat öz ardınca siyasəti də çəkib gətirir və təsadüfi deyil ki, Çinin də bir çox geoiqtisadi niyyətləri məhz Cənubi Qafqazla bağlıdır...

Amma Ermənistan hələ ki, daha çox Rusiya və ABŞ-la, eləcə də Avropa ilə aktiv dialoqdadır. Kim üstələyəcək və kim aparacaq – bu, hələ zamanın sualıdır, müəyyən müddət keçməlidir ki, buna aydınlıq gəlsin.
 
Hazırda təhlilçiləri daha çox Nikol Paşinyan-Kreml dialoqu maraqlandırır və daha çox belə bir yanaşma dövriyyədədir ki, Paşinyan hakimiyyətdə qalsa, İrəvanın qərbpərəst çabaları davam edəcək və guya ki, əgər Nikol getsə, bununla da məsələ bitəcək. 

Amma biz heç vaxt belə düşünməmişik və həmişə demişik ki, bu illər ərzində İrəvan Moskvanın regiondakı bütün siyasətini öz maraqlarına tabe etmək istəyirdi və onu Rusiyanın orbitində saxlayan keçmiş Dağlıq Qarabağ məsələsi idi. 

İndi bunlar alınmadı və hazırda İrəvanı Rusiya ilə bağlayan yalnız iqtisadi əlaqələrdir. Maraqlıdır ki, elə bu günlərdə Moskvada baş tutacaq üç tədbirdən də Paşinyan yalnız birini – Avrasiya İqtisadi Birliyinin yubileyini seçib, çünki necə deyərlər, quyruğu qapı arasındadır, özü də etiraf edir ki, Rusiya ilə iqtisadi əlaqələri saxlamaq fikrindədir. 

Digər bir məqam, əlbəttə, Ukrayna müharibəsidir - əsl geosiyasi seçim bunun nəticəsindən asıı olacaq. Hələlik hesab bir-birdir. Rusiyanın Ukraynada ildırımsürətli müharibəsi alınmadı, müharibə üçüncü ildir ki, davam edir. Amma Qərbin də Rusiyanı iqtisadi səbəbdən çökdürmək planları baş tutmadı, burada da məsələ uzanır. 

Amma Ermənistan gizlindəcə bu prosesin necə bitəcəyini gözləsə də, Qərb gözləmir və Cənubi Qafqazda da öz maraqlarını irəlilətmək üçün proses başladıb.
Ona görə də Paşinyan Moskvadakı üç tədbirdən birinə gedə də bilər və ya hər üçünü iqnorə edər. Əsas odur ki, bütün bunlar heç nəyi dəyiçəməyəcək - bu qədər həngamədən sonra Kreml durub Paşinyanı öz adamı hesab etməyəcək, amma Ermənistandan da Nikolun xatirinə əl çəkən deyil. Odur ki, ya böhran davam edəcək və dərinləşəcək, ya da ABŞ-da bu il baş tutacaq prezident seçkiləri vəziyyəti dəyişəcək. 

Ona görə də vəziyyətin ən azı müvəqqəti olaraq donması, konservə edilməsi üçün (bundan artığı isə mümkün deyil!) ya Mockva Ermənistanda Nikolu, ya da Vaşinqtonda qoca Cozefi dəyişməlidir. 

Amma bu ehtimal da hələ ehtimal olaraq qalır, baxmayaraq ki, ABŞ-da Donlad Tramp senarisi hələ gündəmdən düşməyib, üstəlik, Paşinyanla bağlı da hər gün bir xəbər gəlir – revanşist müxalifətdən bir şey çıxmadı, indi də Nikolun üstünə əli "Kalaşnikov”lu keşişləri göndərirlər! Bu günlərdə Moskvada baş tutacaq tədbirlərə qatılmaqla Nikol bütün bu təhlükələri özündən sovuşdura biləcəkmi? İnanmırıq ki, keşişlər nəyəsə nail ola bilsinlər, amma İrəvanla Moskva arasında soyuqluq qalacaq və bir az da dərinləşəcək.
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->