Nazlı Ağayeva
Ölkə 14:34 06.10.2019

Bir boyunbağıyla dünyadan gedən Nərgiz...

Nazlı Ağayeva

Qəza conrası doqquz aylıq yataq rejimindən aktiv dünyaya qismən sağlam "doğulduğum” vaxtlarda anam əlimdən getdi. Həm də sırf mənim qəhrimdən. Birgə keçən bütün ömrümüzdə ürəyi cəmi o doqquz aya tab gətirə bilməyib çatladı. Ondan sonra ayağa qalxmağım gözümdən düşdü və həyatdan əlimi çəkdim. Düşdüyüm boşluqdan çıxmağım üçün hər kəs çalışdı. Nəhayət mənə "Facebook” səhifəsi açdılar. Bundan da bir şey çıxmasa, son çarə psixiatriya xəstəxanası olacaqdı.  

***

Həyat şirin olduğu üçün deyil, ölmək asan olmadığı üçün virtual dünyada kövrək-kövrək addımlamağa başladım. İlk günlərdən kiçiklər "ana”, böyüklər "bacı” deyib könlümü aldılar. Həmin o zamanlarda iyirmi beş-iyirmi altı yaşlarında gözəl bir qız mehrini saldı mənə. Mən də çox sevdim onu. Ana deməyi hörmət mənasından çıxıb daha istiqanlı bir hal almışdı. O qədər ki, artıq bir qızım olduğuna inanmağa başlamışdım. Nərgizin universitet məzunu olduğunu bilirdim, ailə qurmuşdu, körpəsi vardı. Görüşməyi planlaşdırdığımız vaxtda qız yoxa çıxdı. Telefon nömrəsi alıb-verməmişdik. Virtual əlaqə saxlayırdıq. Səhifəsi həftələrlə boş qalmışdı. Özümə yer tapa bilmirdim. Əlim heç hara çatmayanda "Nigaranam, ay bala”, - yazdım...

Həmin axşam rəfiqəsindən mesaj aldım. Nərgiz xəstələnibmiş. Müayinə zamanı xərçəng olduğu bilinib. Dərhal əməliyyata alıblar. Vəziyyəti ağır imiş. Taleyin daha bir acı sürprizinə donub qaldım...

Bir neçə gündən sonra özü də yazdı: 

"Həyəcanla oxuyuram statuslarını, allah şahidimdi, ana. Həmişə içimdə bir qorxu qalır, inan. Ana, mən yenə əməliyyata gedəcəm sabah, nə olar, özündən muğayat ol. Öpürəm əllərindən”.

Nöqtəsinə, vergülünə toxunmadığım bu sözlər ondan qalan son xatirədir. Ondan əvvəl də yazı-pozuma görə həyəcanlanıb hər gün özümü qoruyum deyə, yalvarardı. "Sənə çox ehtiyacım var”, - yazardı. Amma bu bir vida mesajıymış...

Bir müddət yenə ondan xəbərsiz qaldım. Səsimi içimdə boğub ruh kimi dolaşırdım. Ümid ölməmişdi amma. Türkiyədə əməliyyat olunacaqdı. Orda sağalar, yaxşı olar deyə, xəyallar qururdum. Dərdimi deyəcək bir adam da yox idi. Soruşacaqdılar nəyindi? Üzünü görməmişəm, desəydim, reaksiyanı təsəvvür edirsizmi? Rəfiqəsi də susurdu. 

Bir gün xəbərini aldım... Rəfiqəsi həm də nakam Nərgizin hekayətini anlatdı. 

Anası cavan vəfat edibmiş. Analığı onunla soyuq davranırmış. Kiçik yaşlarından nəvazişə möhtac böyüsə də, özü sevgi dolu biri olub. Ona dəlicəsinə vurulan bir gənclə ailə qururlar. Gənc çox qısqanırmış onu. Ana olandan sonra da qısqanclıq azalmır, sadəcə, Nərgiz qısqanclığın fonundakı sevgiyə köklənib hər şeyi yola verir. İmkanlı ailədəki məhdud həyat şərtlərinə təslim olmayan Nərgiz özünə bir dünya qurur. O qədər ciddi rejimin içində oxuduğu əsərlərdən, sevdiyi adamlardan ibarət dünyasını necə vaxt tapıb düşünürmüş, qorumağa çalışırmış görəsən? Körpəyə baxmaq, ev adamlarının nazını çəkmək, iş-güc və sairə bitməz qayğılar var ikən... 

Hər cür ümidsizlikdən qoruduğu, yaşamaq gücü aşıladığı adamlardan biri, bəlkə də birincisi mən idim. Nə sınıq böyüməyindən danışdı mənə, nə yaşadığı onca çətinliklərdən. Özünü dünyanın ən bəxtəvər, qayğısız qızı-gəlini kimi göstərdi. Bəlkə hiss etdikləri də bu idi. Niyə də olmasın, güclü qız idi Nərgiz. Qəlbinin istisi ilə hər kəsi yumşalda bilərdi. Necə ki, uzaq-uzaq məsafədən diqqət, nəvaziş göstərib bitmiş məni özünün doğmalığına inandırdı. Yaralarımı sarıdı. Əlimi yelləsəm, özünü anında çatdıracaq bir qız anası inamı yaratdı məndə. O inamla çox çıxılmazlardan çıxdım, çox lovğalıqlar elədim. O isə ki, saniyəsinə "sayğac” qoyulubmuş, addımları sayılırmış. Salamat çıxmağına həkimin belə təminat vermədiyi əməliyyat ərəfəsində "dualarını əsirgəmə” yerinə "özündən muğayat ol” deyəcək qədər böyük ürəkli Nərgizim... 

Ən yaxın və yeganə rəfiqəsi göz yaşlarına boğularaq danışdı ki, son görüşlərində körpəsinə hərdən baş çəkməyi ona tapşırıbmış. O evə asanlıqla girib-çıxmaq mümkün olmadığını bilə-bilə. Sadəcə, içi rahat olsun deyə, özünə təsəlli veribmiş. Əməliyyata gedərkən qızının boynuna öz anasından yadigar qalan boyunbağı taxıbmış. Dəfnində uşağın boynundan qoparıb anasının məzarına atıblar. "Bəxtsiz gəlin”in ana yadigarı uğursuzluq gətirər deyə. 

***

Yeddi il keçib o vaxtdan. O mələk qızın bu qəddar dünyadan köçüb getdiyi günü dəqiq bilmirəm. Son həftələr çox darıxıram, görüşməyib ayrıldığım əfsanə varlıqdan ötrü. Bəlkə bu günlərdən biridir ürəyimi belə sızıldadır deyə, düşünüb rəfiqəsindən soruşmaq istədim. Özünün səhifəsi bağlanıb çoxdan. Narkozdan sonra adlar yadımda çox qalmır. Amma o kövrək qızın adının Günay olduğunu unutmamışdım. Axtaranda məlum oldu ki, səhifədən son dəfə üç il əvvəl istifadə olunub. İki ortaq dostumuz varmış Günayla, bəlkə Nərgizlə də ortaq nöqtələri olub, onlardan soruşaram deyəndə... Zöhrab Əmirxanlı ilə Akif Şahverdiyevi gördüm. İki dəyərli, əziz dostum, işıqlı adamlar. Onsuz da dolmuşdum, buludlar çaxnaşdı gözlərimdə sanki. 

Ölkə çox kiçik imiş, sevdiklərimiz də bir ortamda. Dünyadan bircə qırıq boyunbağı ilə gedən cəfakeş Nərgizimin hekayətini yazdım. Hər dəfə şəxsi dərdlərimdən bəhs edəndə buna haqqım olmadığını düşünürəm. Hər kəsin dərdi özünə yetir onsuz da. Üstəlik erkən ölümləri həzm edərək yaşamaq xəcalətə, utanca çevrilir. Bağışlayın, uşaqlar. Olmayanda olmur... 

P.S. Günayla son yazışma altı il əvvəl olmuşdu. Göz atdım, xaricə köçəcəklərini yazmışdı. Allah bəxtini versin. Qızımın ölüm tarixindəki rəqəm nəyi dəyişəcəkdi ki... Mən ona hər gün layla çalaram...