"Passat” avtomobillərinin qüsurları narazılığa səbəb olub.
"Volkswagen Bakı” alıcılarına qüsurlu maşın satdığına görə, onların ciddi narazılığı ilə üzləşib. Bu barədə şikayətçilər Samir Zeynalov və Leyla Məmmədova lent.az-a müraciət məktubu ünvanlayıblar. İstehlakçılar "Volkswagen Bakı” mərkəzini onları aldatdığına görə məhkəməyə veriblər. Söhbət 2011-ci ilin "Passat” markalı avtomobillərindən gedir.
Vətəndaşlar avtomobillərinin lazımi keyfiyyətdə olmadığını vurğulayaraq, buna görə də külli miqdarda zərər gördüklərini deyiblər. Onların sözlərinə görə, avtomobillər 80 min kilometr sürülüb. Lakin şikayətçilər alınan vaxtdan mühərrik və sürətlər qutusunun qüsurlu olmasından gileyləniblər. Bundan əlavə, sahibkarlar maşında yağ azalmaları, dartınmalar da müşahidə ediblər. Fotolarda da mühərrikin xarab olmuş və sınmış hissələrinin görüntüləri əks olunub. Adları çəkilən alıcılar qısa müddətdə avtomobilin həddindən artıq yağ sərf etməsini normal hesab etməyiblər. Bu səbəbdən də ya maşınlarının, ümumiyyətlə, geri qaytarılmasını, ya da yenisi ilə əvəzlənməsini istəyirlər. Problemin bu yerə qədər uzanmasında isə "Volkswagen Bakı” mərkəzinin günahkar olduğu bildirilir. Çünki mərkəz bu faktı hər dəfə bir bəhanə ilə gizlətməyə çalışıb. Artıq bir neçə ildir vəziyyət belə davam edir.
İş o yerə gəlib çatıb ki, vətəndaşlar Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə müraciət etməli olublar. Bundan başqa, istehlakçılar bu cür qüsurlu avtomobillərin Azərbaycana buraxılmasının qarşını almaq məqsədilə Dövlət Gömrük Komitəsinə də üz tutacaqlarını qeyd ediblər.
Şərhlər