Xəbər lenti

Bir Rəhim Həsənov yetişdirmək üçün...
Amal Abuşov
İdman 10:30 21.07.2021

Bir Rəhim Həsənov yetişdirmək üçün...

Amal ABUŞOV

Qardaş Türkiyədə yaxşı bir deyim var: "Bir mühəndis kolay yetişməz”. Yəni ki, öz işini yaxşı bilən mühəndisin yetişməsi üçün illər lazımdı. Ona təhsil verməli, iş öyrətməli. Bunun üçün də yetərincə zaman və pul xərcləməlisən. Təsadüfi deyil ki, türklər mühəndisə böyük dəyər verir, peşəkarların xətir-hörmətini hər yerdə uca tuturlar.

Bu məsəli əbəs yerə xatırlamadım. Azərbaycan kimi ölkədə yaxşı bir FİFA referisinin yetişməsi də çox mürəkkəb prosesdi. Söhbət yaxasına FİFA loqosunu vurub, özünü öyən fit sahiblərindən getmir. Bu ada layiq olmaq, onu doğrultmaq, ən əsası, FİFA və UEFA-nın etimadını qazanmaqdı. Həmin etimadın da göstəricisi beynəlxalq oyunlara verilən təyinatlardı. Yolaverdi oyunlara təyinat alıb, hər yayın ortasında Avropa mövsümünü qapatmaq bizim bir çox hakimlərimizin sevimli məşğuliyyətidi. Avrokubokların birinci və ikinci təsnifat mərhələsində zəif komandaların qarşılaşmasını idarə etmək, ondan sonra növbəti yaya qədər UEFA-nın  yadından çıxmaq heç də yüksək səviyyədən xəbər vermir.

Halbuki, hər şey Azərbaycanın futbol hakimliyi üçün fərqli məcrada davam edə bilərdi. Təxminən 10 il bundan əvvəl bizim hakimlikdə əsl inqilab baş verdi. Hakimlər Komitəsinin o vaxtkı sədri Xəqani Məmmədov AFFA və PFL-in dəstəyi ilə bu sahədə ciddi islahatlar aparmağa nail oldu, səhnəyə neçə-neçə gənc futbol hakimi çıxdı. Artıq rüşvət iddialarının, sifarişli idarəçiliyin kökü kəsilmişdi. Düzdü, ara-sıra hakim səhvlərinə rast gəlirdik. Amma heç kim həmin səhvlərdə qərəz axtarmır, yol verilən xətaları insan amilinə bağlayırdıq. Məlum məsələdi ki, iş olan yerdə səhv də olur, iş görən insan səhv buraxır. Əsas odu ki, həmin səhvin arxasında qərəz, kökündə sifariş və rüşvət dayanmasın.

Xəqani Məmmədov buna necə nail olmuşdu? Əli əyriliyə öyrəşən, fitini sifarişlə səsləndirən "köhnələr” yola salınmış, meydan Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov, Ömər Paşayev, Mübariz Haşımov, Rza Məmmədov və digər gənclərə verilmişdi. Nəticəsini də gördük. Əliyar Ağayev qısa müddətdə UEFA-nın 1-ci kateqoriyasına qədər yüksəldi, Avropa Liqasının qrup mərhələsinə, milli komandaların rəsmi oyunlarına təyinat almağa başladı. Rəhim Həsənovun sədası bir-birindən məsul qarşılaşmalardan gəldi, FİFA referi köməkçisi Rza Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə yollandı. Hər şey bizim üçün yaxşı davam edirdi, gələcəyə böyük ümidlərlə baxırdıq...

... Ta o vaxta kimi ki, AFFA-nın qəfil qərarıyla avstriyalı Frits Ştuxlik Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin edildi. Həmin vaxt bu qərara belə izah verilirdi ki, avropalı sədr UEFA ilə əlaqələrimizi yaxşılaşdıracaq, bizim hakimləri "irəli çəkəcəklər”. 2018-ci ilin 14 sentyabrından bəri bu ümidlə yaşayırıq. Təxminən üç ildi ki, belə şirin xəyallarla yuxuya dalmışıq, cənab Ştuxlik də hər ay AFFA-dan, deməli Azərbaycandan xarici valyuta ilə yüksəl məbləğdə məvacib alır. Bu yaxınlarda onunla müqaviləni yenidən uzatdılar. Bu müddət ərzində Ştuxlik bizə nə qazandırıb? Əliyar Ağayevi UEFA-da unudublar, həmyerlimizin ara-sıra Yunanıstan çempionatının oyunlarına ezam olunması isə şəxsi əlaqələrlə baş aldatmaq cəhdidi. Əliyarın istedadı, Avropadakı nüfuzu ondan daha artığını gözləməyə əsas verirdi. Təəssüf ki, Ştuxlikin gəlişi Ağayevi irəli aparmadı, geri saldı.

Rəhim Həsənovdan FİFA referisi adını alıb, Elçin Məsiyevə verdilər. Məsiyev nəinki Avropada, heç Azərbaycanda məsul qarşılaşmalar idarə edəcək səviyyədə deyil. Ötən mövsümün sonunda təyinat aldığı gərgin oyunların az qala hamısında kobud səhvlərə yol verdi, meydanı polislərin əhatəsində tərk etdi. Məlum məsələdi ki, Elçinin UEFA-dan yüksək etimad alması mümkünsüzdü. Rəhim Həsənovu o qədər sıxma-boğmaya saldılar ki, adam hakimlikdən getməyə qərar verdi. Necə ki, Rza Məmmədovu, Orxan Məmmədovu qaçaq saldılar, indi də Rəhim gedir. Bir hakimi yetişdirmək üçün AFFA illərlə pul xərcləyib, hakimləri qışda Antalyaya, yayda Polşa və Bolqarıstana toplanışlara göndərirdi. Ştuxlik gələndən hakimlərin toplanışları da ləğv olunub, ədalət təmsilçilərinin hazırlığı Allahın ümidinə buraxılıb. "Hakim terroru”na, futbolun bu vacib sahəsinə barmaqarası münasibətə son qoyulmalıdı. Sonra çox gec olacaq. Bizim futbolda hər gün bir Rəhim Həsənov yetişmir!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->