Xəbər lenti

Bölgələrdə həkim çatışmazlığı: Xəstələnəndə əziyyət çəkirlər (VİDEO)
Video 18:08 15.06.2018

Bölgələrdə həkim çatışmazlığı: Xəstələnəndə əziyyət çəkirlər (VİDEO)

Bölgə xəstəxanalarından bildirilir ki, yaranan tələbatın səbəbi ixtisaslı kadrların bölgələrdə işləməyə maraq göstərməməsidir.

Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, Kürdəmirdə 68, Ağsuda 56, Zərdabda 60, Ağdamda 130, Göyçayda 40-dan artıq ixtisaslı həkimə ehtiyac var.

Şəhla Baxışova - Kürdəmir MRX-nın kadrlar şöbəsinin müdiri: "Dəfələrlə məşğulluq mərkəzinə, elm, kadr, təhsil şöbəsinə müraciət etməyimizə baxmayaraq yenə də təzə universiteti bitirən tələbələr kəndlərə bölgələrə müraciət etmirlər".

İxtisaslı kadrların azlığı xəstəxanalara müraciət edən pasiyentlərin müraciətlərinə də lazımi səviyyədə baxmaq imkanlarını məhdudlaşdırır.

İsmayıl Şirinov - Ağsu Mərkəzi Rayon Xəstəxanasının həkimi: "Bu gün bir kabinetə 50-60 nəfər müraciət edir və tək həkimində bunu tam yerinə yetirməsi çətinlik yaradır. Ona görə də gənc kadrların gəlməsinə son dərəcə ehtiyac var. Kadrların azlığı üzündən biz əhaliyə tam tibbi xidməti göstərə bilmirik".

Həkim çatışmazlığı kəndlərdə daha çox hiss olunur. Məsələn, Kürdəmirin kəndlərindəki 13 həkim məntəqəsindən yalnız 5-də ixtisaslı kadr çalışır. Sakinlər bildirir ki, kənddə həkim olmadığından rayon mərkəzinə üz tutmaq məcburiyyəti ilə üzləşirlər. Bu isə əlavə xərcdir. 

Dilarə Nəsirova - Sakin: "Məncə, gəlib orada işləsələr, xalqımıza kömək eləmiş olarlar. Hər hansı həkimə ehtiyac olanda öz tibb məntəqələrinə gedələr. Bir də rayona, şəhərə getməyə ehtiyac olmasın". 

Kamal Musayev - Sakin: "Kəndimiz rayonun böyük kəndlərindən biridir. Camaat xəstələnəndə böyük əziyyət çəkirlər. Rayon mərkəzinə axışmalı olurlar. Kəndimizin xəstəxanası da var. Yaxşı olar ki, həkim göndərilsin və camaat bu qədər əziyyət çəkməsin".

Bölgələrdə lor, travmatoloq, reanimotoloq, həkim-onkoloq, həkim-ginekoloq və digər sahələr üzrə həkimlərə tələbat daha çoxdur. Həkimlər və sakinlər hesab edir ki, yaranan vəziyyətdən çıxış yolu gənc kadrların bölgələrdə çalışmasına maraq yaratmaq üçün həvəsləndirici tədbirlərin həyata keçirilməsidir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->