Rusiyanın hərəkətləri nəticəsində yaranan enerji böhranı ilə bağlı Avropa İttifaqının ümumi itkiləri artıq təxminən 1 trilyon dollar təşkil edir, lakin yaxın gələcəkdə bu rəqəm yalnız artacaq, çünki Aİ enerji sektorundakı problemlərini hələ də əsaslı şəkildə həll etməyib. Üstəlik, 2023-cü ildə Avropa mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı Çinlə daha kəskin rəqabət aparmalı olacaq ki, bu da yalnız Avropa ölkələrinin itkilərini artıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg öz hesablamalarına əsasən
yazır.
Rusiyadan tədarükün azaldılması və 2023-cü ildə Çinin LNG-yə artan tələbi ilə birlikdə gələn il bu ildəkindən daha ağır nəticələrə səbəb ola bilər. Eyni zamanda, böyük ehtimalla, Aİ üçün enerji sektorunda böhran hələ yeni başlayır. Agentlik Avropa üçün beş il ərzində yüksək enerji qiymətlərinin olacağını proqnozlaşdırır. Bu problemi yalnız ABŞ və Qətər aradan qaldıra biləcək ki, onlar da yalnız 2026-cı ilə qədər LNG istehsalını və tədarükünü əhəmiyyətli dərəcədə artıra bilər.
Oxşar qiymətləndirmələri Brüsselin "Bruegel” beyin mərkəzi də verir. Təşkilatın məlumatına görə, 2022-ci ilin sonuna qədər Aİ enerji böhranının təsirlərinə qarşı çıxmaq üçün artıq təxminən 700 milyard dollar xərcləyib. "Bruegel” Avropa enerji fövqəladə halının ən azı daha iki il davam edəcəyini, 2023-cü ilin enerji təhlükəsizliyi baxımından ən çətin il olacağını proqnozlaşdırır. Mərkəz qeyd edir ki, enerji böhranı istər-istəməz iqtisadi tənəzzülə gətirib çıxaracaq və belə bir fonda dövlət subsidiyalarını və vətəndaşlara yardımı artırmaq son dərəcə çətin olacaq. Milli hökumətlərin büdcələri artıq problemlidir: ölkələrin yarısının dövlət borcu müəyyən edilmiş ÜDM-in 60%-i həddini aşır.
"Bütün bunları - yardım, subsidiyaları əlavə etsəniz, ağlasığmaz dərəcədə böyük məbləğdə pul alınır. Gələn il hökumətlər üçün bu böhranın öhdəsindən gəlmək daha çətin olacaq”, - S-RM konsaltinq şirkətinin direktoru Martin Deveniş bildirib.
Agentlik etiraf edir ki, 2022-ci ildə görülən tədbirlər Aİ-yə iqtisadiyyat üçün ciddi nəticələrdən qaçmağa imkan verib. Onların və isti havalar sayəsində bir çox şirkətlər hasilatın səviyyəsini saxlamağa və iqtisadi zərəri minimuma endirməyə nail olublar. Bununla belə, yaxınlaşan şaxtalar ittifaqın bir çox ölkələri, ilk növbədə sənayesi qazdan həddindən artıq asılı olan Almaniya üçün problemə çevriləcək. Artıq keçən həftə Almaniya tənzimləyicisi kritik bir vəziyyət barədə xəbərdarlıq edib: iqtisadiyyatda qaz çatışmazlığı var, bu da qaz axınının dayandırılmasına və qaz axınının "əl” ilə idarə edilməsinə səbəb ola bilər.
Beynəlxalq Enerji Agentliyi (IEA) qeyd edir ki, Aİ 2022-ci ildə qaz istehlakını 50 milyard kubmetr azaldıb, lakin bu, hələ də kifayət deyil: Aİ-nin qarşılanmamış ehtiyacları ildə daha 27 milyard kubmetr qaz səviyyəsində qiymətləndirilir. Agentlik Rusiya qazının tədarükünün sıfıra enməsi ilə, eləcə də Çində LNG-yə tələbatın artması fonunda oxşar kəsir səviyyəsini proqnozlaşdırır. Növbəti isitmə mövsümünü problemsiz keçmək üçün Avropa Komissiyası qaz anbarlarının doldurulmasına minimum həddi müəyyən edib. 1 fevral 2023-cü il tarixindən etibarən onlar ən azı 45% doldurulmalıdır, lakin qış kifayət qədər isti olarsa, bu standart 55% olacaq.
2023-cü ildə Avropa Çindən başqa, digər Asiya ölkələri ilə LNG uğrunda rəqabət aparmalı olacaq. Məsələn, Yaponiya artıq LNG alışını artırmaq niyyətini açıqlayıb. Üstəlik, Tokio böhran vəziyyətləri üçün strateji qaz ehtiyatı yaratmaq imkanını nəzərdən keçirir.
Agentlik qeyd edir ki, bu il meqavat-saatın orta qiyməti 135 avro olub, iyulda pik nöqtədə qiymət 345 avroya çatıb. Əgər qiymətlər yenidən yüksəlməyə başlasa və ən azı 210 avroya yüksəlsə, onda LNG idxalı ÜDM-in 5%-ni təşkil edəcək və bu, resessiyaya və əhəmiyyətli iqtisadi tənəzzülə səbəb olacaq. Hazırda Avropa iqtisadiyyatları üçün baza ssenarisi 2023-cü ildə mülayim resessiyaya əsaslanır. Bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi Avropanı ən azı qismən xilas edə bilər, əks halda bir çox ölkələrin, ilk növbədə Almaniyanın hakimiyyət orqanları ev təsərrüfatları və müəssisələr tərəfindən qaz istehlakı arasında tarazlığı "əl” rejimi ilə axtarmalı olacaqlar.
Nizami Bağırov
Şərhlər