Yeni elmi araşdırma kainatın sonunun əvvəllər düşünüləndən xeyli daha tez baş verə biləcəyini göstərir. Alimlər kainatın taleyi ilə bağlı proqnozlarını yeniləyiblər. Əvvəllər kainatın trilyonlarla il ərzində tədricən soyuyaraq "istilik ölümü”nə doğru getdiyi hesab olunurdu. Lakin yeni tədqiqat daha erkən son ehtimalını gündəmə gətirir.
Qaynarinfo xəbər verir ki, "Donostia International Physics Center" tədqiqatçılarına görə, kainat Böyük Partlayış hadisəsindən təxminən 33,3 milyard il sonra sona çata bilər.
Hazırda kainatın yaşı təxminən 13,8 milyard il hesab edildiyindən, bu ssenariyə görə qarşıda cəmi 20 milyard ilə yaxın zaman qalır.
"Böyük Çöküş” ssenarisi
Araşdırmada qeyd olunur ki, kainatın genişlənməsi müəyyən mərhələdən sonra tərsinə dönə bilər. "Böyük Çöküş” (Big Crunch) adlanan bu prosesdə qalaktikalar, ulduzlar və planetlər yenidən bir nöqtəyə doğru sıxılacaq.
Bu mərhələdə bütün maddə sıxlaşaraq yox olacaq, eyni zamanda qara dəliklərin yaranması sürətlənəcək. Alimlər hesab edir ki, son mərhələdə kainat nəhəng qara dəliklərlə dolu vəziyyətdə sona çata bilər.
Qaranlıq enerji mübahisəsi
Elmi dairələrdə kainatın sonu ilə bağlı iki əsas ssenari mövcuddur: kainatın sonsuzadək genişlənərək soyuq və boş vəziyyətə düşməsi və ya genişlənmənin dayanaraq tərsinə dönməsi.
Bu prosesdə əsas rol oynayan amil isə qaranlıq enerjidir. Bu, kainatın genişlənməsini sürətləndirən və mahiyyəti tam açıqlanmayan bir qüvvə hesab olunur.
Yeni məlumatlar balansı dəyişir
Son illərdə əldə edilən yeni müşahidə nəticələri bu sahədəki mövcud təsəvvürləri dəyişməyə başlayıb.
"Dark Energy Spectroscopic Instrument" tərəfindən 47 milyon qalaktikanı əhatə edən xəritələşdirmə layihəsi göstərib ki, qaranlıq enerji sabit deyil və zamanla dəyişə bilər.
Bu isə kainatın genişlənməsinin yavaşlaya və hətta gələcəkdə tərsinə dönə biləcəyi ehtimalını gücləndirir.
Kainat nəhəng qara dəliyə çevrilə bilər
Simulyasiyalara əsasən, kainat müəyyən ölçüyə çatdıqdan sonra bu proseslər genişlənməni geri çevirir. Nəticədə bütün maddə yenidən "təkillik” adlanan bir nöqtədə toplanır.
Bu mərhələdə qara dəliklərin birləşməsi sürətlənir və kainat sonda nəhəng bir qara dəliyə çevrilərək mövcudluğunu başa vurur.
Tədqiqat müəllifləri isə vurğulayırlar ki, bu ssenari hələlik qəti nəticə sayılmır və gələcək müşahidələr bu barədə daha dəqiq məlumat verə bilər.
Günay
Şərhlər