"Qalatasaray” bir tərəfdən çempionluğa doğru geri sayımı davam etdirərkən, digər tərəfdən də gələn mövsüm Çempionlar Liqasında iddialı heyət qurmaq üçün planlar hazırlayır. Bu çərçivədə İstanbul təmsilçisi Avropanın 3 ulduz futbolçusu ilə əlaqə saxlayır.
Qaynarifno xəbər verir ki, baş məşqçi Okan Buruk ardıcıl 4-cü çempionluğun qazanılmasından sonra "Qalatasaray”la daha 2 illik yeni müqavilə imzalamağa hazırlaşır. Lakin komanda dayanmaq niyyətində deyil və yeni mövsümün hazırlıqlarına artıq start verilib.
Məşqçi heyəti ilə toplantı keçirən Okan Buruk gələcək planlarla bağlı qeyri-müəyyənlikləri aradan qaldırdığını bildirib:
"Yolumuza davam edirik. Hədəflərimiz daha da böyükdür. Transfer siyahım hazırdır. Alacağımız və göndərəcəyimiz futbolçular demək olar ki, müəyyənləşib. Bu dəfə gecikməyəcəyik. Transferlərin düşərgəyə qədər yetişəcəyini düşünürəm".
Baş məşqçi klub rəhbərliyinin, xüsusilə də prezident Dursun Özbəyin dəstəyini hiss etdiyini qeyd edib. Onun sözlərinə görə, komanda daha güclü heyətlə Çempionlar Liqasına hazırlaşır:
"İllərdir güclü heyətlə mübarizə aparırıq. İndi isə daha güclü bir komanda qururuq. "Qalatasaray" üçün mükəmməl bir mövsüm olacağını düşünürəm".
Okan Buruk həmçinin çalışdığı məşqçi heyətində ciddi dəyişiklik etməyi planlaşdırmadığını və mövcud komandanın işindən məmnun olduğunu bildirib.
"Qalatasaray”ın transfer gündəmində Portuqaliya millisinin üç futbolçusu yer alır: Rafael Leao, Bernardo Silva və Bruno Fernandes.
Klub xüsusilə "Mançester Siti”dən ayrılması gözlənilən Bernardo Silva üçün hər il 15 milyon avro təklif edib və futbolçunun qərarını gözləyir. 31 yaşlı oyunçunun hazırda müxtəlif təklifləri dəyərləndirdiyi bildirilir və "Qalatasaray” bu yarışda ön sıralarda göstərilir.
Rafael Leao ilə bağlı isə İtaliyadan menecer Qardi yaxın günlərdə həm futbolçu, həm də "Milan” klubu ilə danışıqlara başlayacaq və mümkün transferin maliyyə çərçivəsini müəyyən edəcək.
Bruno Fernandes transferi isə ən çətin variant kimi qiymətləndirilir. "Mançester Yunayted” hələ futbolçu ilə bağlı yekun qərar verməyib, eyni zamanda portuqaliyalı yarımmüdafiəçiyə bir neçə klubun marağı var. "Qalatasaray” onun vəziyyətini yaxından izləməyə davam edir.
Aydın
Şərhlər