Bakıda bir sıra avtobus dayanacaqlarına xəbərdarlıq elanları vurulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası qanunun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına siqaret çəkməyin qadağan olunduğunu bildirən xəbərdarlıq elanları vurulub.
Bəs marşrut avtobuslarında sürücülərin siqaret çəkməsi ilə bağlı necə qadağalar varmı və ya siqaret çəkən sürücülər üçün cərimələr mövcuddurmu?
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Qaynarinfo-ya açıqlamasında qanunun hər kəsə şamil olunduğunu və bu barədə daşıyıcılara xəbərdarlıq edildiyini bildirib:
"Qadağa hər kəsə aiddir, o cümlədən sürücülərə də. Sadəcə hazırda qayda pozanlara qarşı hansı qurum tərəfindən nə kimi cəza verilməsi proseduru təsdiqlənməyib. Biz bütün daşıyıcılara xəbərdarlıq etmişik ki, sürücüləri bu barədə təlimatlandırsınlar. Marşrutda sükan arxasında siqaret çəkən sürücü qanunu pozmuş hesab edilir".
Qanunvericilikdə dayanacaqlarda siqaret çəkilməsi ilə bağlı qadağa mövcuddurmu?
Millət vəkili Musa Quliyev Qaynarinfo-ya açıqlamasında BNA-nın bu addımını müsbət dəyərləndirdiyini söyləyib. O, bildirib ki, dayanacaqlar qapalı yer sayılmasa da, qanunvericilikdə siqaret çəkilməsi qadağan olunan yerlər kateqoriyasına aiddir:
"Dayanacaqlar qapalı yer hesab olunmur. Amma bəzi açıq məkanlarda da, insanların çox toplaşdıqları yerlərdə də siqaret çəkilməməsi ilə bağlı qadağalar var, o cümlədən avtobus dayanacaqlarında, avtovağzallarda, dəmiryol vağzallarında, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının həyətində və s. Bunlar müxtəlif kateqoriyalı insanların - qocaların, uşaqların, xəstələrin toplaşdıqları yer olduğu üçün qadağa tətbiq olunur. Dayanacaqlarda da bu səbəbdən qadağa nişanları qoyulub və çox da düz ediblər".
Çingiz Səfərli
Şərhlər