"Bölgələrdə yeni lisey və gimnaziyalar şəbəkəsinin genişləndirilməsi təqdirəlayiqdir. Hətta müəyyən mənada gecikmiş addımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
Ekspert bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində xüsusi təmayüllü gimnaziyaların, liseylərin sayının o qədər də çox olmadığını bildirib. Elmin Nuri lisey və gimnaziyaların 90%-in paytaxt Bakıda yerləşdiyini diqqətə çatdırıb:
"Lisey və gimnaziyaların təyinatı və təsnifatı nisbətən fərqlidir. Onlar ümumi standartlı ümumtəhsil məktəbləri ilə rəqabətlilik mexanizmlərində yox, üst səviyyə prinsipi ilə fəaliyyət göstərməlidirlər. Əksinə, orta məktəb onlarla rəqabətlik mexanizminə girməlidir. Bunların hərəsinin öz təsnifatı var. Biz deyə bilmərik ki, lisey və gimnaziyaların sayının çoxluğu orta ümumtəhsil məktəblərinin fəaliyyətini sual altına salır. Əgər lisey və gimnaziyalar tikiləcəksə, onların sayı artacaqsa, ümumtəhsil məktəblərinə nə ehtiyac var yanaşması ilə razı deyiləm. Birinci səbəb, ona görə ki, bu üst səviyyədir. Biz bunu xüsusi istedadlı uşaqlar və daha yüksək intelektə sahib olan şagirdlər üçün yaradılan fürsət kimi dəyərləndirməliyik".
Ekspert əlavə edib ki, həmin üst səviyyəli şagirdlər oxuduqları orta ümumtəhsil məktəblərinin standartlarını artıq geridə qoyur:
"Onların həmin məktəbdə qalması onlar üçün yerində saymaq prinsipinə səbəb olacaq. Onların yerində saymaması üçün daha üst səviyyəli təhsil müəssisələrinin olmasına sevinməliyik. Dövlətə tabe olan və Elm və Təhsil Nazirliyinin bazasında olan lisey və gimnaziyaların sayı azdır. İkinci məsələ təmayülləşmədir. Lisey və gimnaziyaların bir çoxu bilir ki, bunlar təmayülləşmə prinsipi əsasında fəaliyyət göstərirlər. Azərbaycanda kimya və biologiya, fizika-riyaziyyat, ekologiyaya aid bir lisey var. Amma həmin standartlara cavab verən şagirdlərin sayı o qədər deyil. Hər ilə lisey və gimnaziyalara qəbulda nə qədər istedadlı gəncimiz yüksək bal toplasa da müsbət cavab ala bilmirlər. Çünkü yer yoxdur".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi bölgələrdə yeni liseylər yaradır. Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir.
Bahar Rüstəmli
Şərhlər