Boran, tufan, cəhənnəm ...

Boran, tufan, cəhənnəm ...

Vüsal Bağırlı

Qara bax qara, gör necə yağır,
Çıxsan bayıra, məni də çağır…
Mirmehdi Seyidzadə

Bu yaxınlarda qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı.

Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, qış fəsli Azərbaycana dekabrın 22-si saat 08:19 dəqiqədə daxil olacaqmış.

Bu zaman, Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınır.

Budur, qış gəlir. Yenə, səhər acıqlı və əsəbi halda işə gedən,  axşam yorğun-arğın, hirsli evə qayıdan qara-qura insan siluetləri hər yerdə, nəqliyyatda, metroda, küçə və prospektlərdə, sanki, soyuq və qaranlıqdan büzüşür, bikef və qəmli görünürlər. 

Ağır, dərdli fikirlərin qarşısıalınmaz təsiri onların qamətini əyir.  Hər tərəf və hər kəs tünd, yorğun məcazlığa, qəmli-qüssəli ahəngə və rəngə tabe olur.
İnsan orqanizmi hər vəziyyətə öyrənir, adaptasiya olunur, uyğunlaşır. Həmçinin də qışa, soyuğa və qaranlığa...

Yağışlı küçələr də, siluetlər də, işıqsız tinlər, məhəllələr də zülmətə bürünür.

Ürəklər ümidsizliyə, düşüncələr bədbinliyə meyl edir. İnsanlar sanki, gələcək haqqında deyil, xəstəlik, qocalıq və ölüm haqqında düşünürlər.
Mənim üçün isə əksinə, dekabrın 22-i, yəni qışın gəlişi, üfüqdə bərq vuran bir nikbinlik parıltısıdır. Çünki, həmin andan başlayaraq, günlər asta templə də olsa, həzin-həzin, qıdı-qıdı uzanmağa, gecələr qısalmağa başlayır.

Həmin gündən, Yer planeti Günəş ətrafında saniyədə 30 kilometr, saatda 107 kilometr sürətlə nəhəng yarım dövrəyə start verir, döngəni, istiqaməti bahara doğru yürüdür.

Bəli, artıq bir neçə ildir ki, Bakıda qış olduqca mülayim keçir. Şaxtalı, sazaqlı günlər demək olar ki, gözə dəyməyir, qar yağmayır. Əvvəllər şübhə ilə yanaşsam da, havaların qlobal miqyasda istiləşməyə doğru istiqamətlənməsi ilə bağlı xəbərlərə, indi get-gedə daha çox inanmağa başlayıram. Havaların soyuması, qarın yağması, küçələrin buz bağlaması artan şəhər problemləri fonunda böyükləri qayğılandırsa da, narahat etsə də, uşaqlar bu il qar həsrətindədirlər. Onlar küçələrə, həyətlərə düşüb  kirşədə sürüşmək, qar adamı düzəltmək, qarla əylənmək istəyirlər. Onlar əsl qış üçün darıxırlar.
Dekabrın 1-i qızım gözüyaşlı yanıma qaçdı və  düz gözlərimin içinə baxaraq,  "ata, bəs qar nə vaxt yağacaq, bəs nə vaxt məktəbin arxa həyətinə düşüb orada qar adam düzəldəcəyik?” söylədi. 

Mən ona, "darıxma, hələ qış qabaqdadır, Qar kraliça hər halda Bakıya da qar gətirər” cavabını verdim. Lakin o, "ata, söz ver ki, qar olacaq” kəlməsi ilə  məni olduqca çətin vəziyyətə saldı. Naəlac, "Hə, söz verirəm, bu qış mütləq qar yağacaq” dedim (başqa nə deyə bilərdim ki!?).  Mən  "lap az qalıb, tezliklə hər tərəf dümağ bəyazlığa bürünəcək, biz həyətə düşəcəyik, qartopu oynayacayıq” söylədikcə, səbirsiz fərəh hissi onun həssas qəlbimi bürüyür, həyəcanlandırırdı.

İndi o vaxtdan gözləməyə başlamışıq. Nəhayət, həmin günün gəlib çatacağı, şiddətli qarın lap indilərdə başlayacağı, hər tərəfi bəmbəyaz, həzin səssizliyə bürüyəcəyi bir intizara yetişmişik. 

Gecə qəribə yuxu da gördüm. Soyuqdur, lopa, narın qar dənələri havada ağır-ağır süzərək tənbəlcəsinə üzərimə ələnir. Mən qızımın əlindən tutub bir az hündürdə yerləşən bəyaz təpəciyə tərəf baxıram. Ona  "qızım bax, görürsən nə qədər qar yağıb, gedək ora dırmanaq, sürüşək, doyunca qartopası oynayaq” deyirəm.

Birdən, haradansa yüksəkliyin tən zirvəsində, Göygöz Kosa peyda olur. O, mənfur sehrli baxışı ilə bizim oraya qalxmağımıza mane olmağa çalışır. Kosa əlindəki ucu əyri qorxunc çubuğu irəli uzadır: "Gəlin, indi mən burda elə cəhənnəm düzəldim ki!?” deyərək, qəhqəhə çəkir.

Külək üstümüzə hücum edir, ulayır, uğuldayır, qırma qar göz açmağa imkan vermir, şaxta qılınc kimi dili-dodağı kəsir. Lakin, biz inaddan dönmürük, yenə hündürlüyə tərəf dırmanırıq. Göygöz Kosa qışqırır: "Boran, tufan, cəhənnəm...”. Onun kinli gülüşü dağlarda əks-səda verir. 

Mən tər içində yuxudan ayıldım. Külək eyvandakı dəmir vedrəni taqqıldadırdı. Otaq soyuq səssizliyə qərq olmuşdu. Dalağım sancdı. Cəld pəncərəyə yaxınlaşdım.

Lakin, səbirsiz ümidimə  rəğmən, bayırda daha çox, payızın ortalarında rast gəlinən, şəhər sakinləri üçün isə adidən də adi qarşılanan, bir az yağmurlu, azacıq küləkli, qarsız, boransız, rütubətli  hava şəraiti hökm sürürdü. 
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR