Xəbər lenti

Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi
Ölkə 10:45 19.06.2026

Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi

Borc müqaviləsi və onun şərtləri tərəflərin hər hansı yazılı sübutlara istinad etməsi ilə təsdiqlənməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçiriən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında qərar qəbul edilib.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Qərarda deyilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş "başqa hal"a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunsun.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.

Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
--> -->