Xəbər lenti

Boris Conson NATO-nun baş katibi ola bilərmi? (ŞƏRH)
Siyasət 11:20 30.07.2022

Boris Conson NATO-nun baş katibi ola bilərmi? (ŞƏRH)

Böyük Btiraniyanın istefaya getməyə məcbur olan baş naziri Boris Consonun yenidən siyasətə qayıtmaq ehtimalı hələ də qalmaqdadır. Bu yaxınlarda istefa verən Consonun özü də yenidən siyasətə qayıda biləcəyinə işarə vurub. Onun yenidən Britaniyanın baş nazirliyinə gətirilə biləcəyi ehtimalları da az deyil. Digər tərəfdən, iddialara görə o, NATO baş katibi postunu da tuta bilər. Əslində, Consonun yenidən Britaniyanın baş naziri olmaq ehtimalı xeyli çoxdur.

Lakin Consonun partiya daxilində rəqibləri də çoxdur. Pandemiya dövrünün sərt qanunlarını pozması onun mövqeyini xeyli zəiflədib. Lakin bununla belə Ukrayna məsələsində tutduğu mövqe ilə Conson cəmiyyət arasında qətiyyətli siyasətçi kimi tanınıb. Bu keyfiyyətləri isə ona yenidən siyasi mübarizəni davam etdirməyə imkan verir. Lakin dediyimiz kimi, onun yenidən baş nazir postuna qayıdışı istisna edilməsə də, bu ancaq gələcək perspektivdə mümkün ola bilər. 

Onun yerinə namizədliyini verənlərdən artıq ikisi mübarizəni davam etdirir. Bunlar keçmiş maliyyə və xarici işlər nazirləridir. Onlardan da öndə gedəni Consondan heç də geri qalmayan xanım Lis Trassdır. Ola bilsin perspektivdə Britaniyanın növbəti "dəmir ledisi” olsun. Trass da Conson kimi birmənalı şəkildə bəyan edib ki, Ukrayna xalqının dostudur və bu məsələdə qətiyyətli addımlar atacaq.

Sabiq baş nazirin NATO rəhbərliyinə gətirilməsinə gəldikdə, indiki vəziyyətdə Conson kimi qətiyyətli siyasətçinin alyansa rəhbərlik etməsinə böyük ehtiyac var. Conson bu postda xeyli uğura imza ata bilər. Amma burada bəzi manelər də var. Consondan başqa bu posta üç namizəd var ki, onlar da qadındır. Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte və Estoniyanın keçmiş prezidenti Kersti Kalyulaydır. Lakin onların şansı Consonla müqayisədə xeyli aşağı görünür. 

Digər tərəfdən, qurumun hazırkı baş katibi Yens Stoltenberq vəzifəsi daha bir il müddətinə uzadılıb. Consonun indiki halda məhz Ukrayna məsələsində tutduğu mövqeyə görə, quruma rəhbərliyə gətirilməsi ehtimalı böyükdür. Lakin Stoltenberqin vəzifə səlahiyyətinin bir il müddətinə uzadılması fonunda Ukrayna müharibəsi də bitə bilər. Ondan sonrakı dövrdə isə Consonun NATO baş katibi olmaq perspektivi də azala bilər. 

Digər tərəfdən, Fransa hər zaman çalışıb ki, belə bir quruma anqlosaks əsillilər rəhbər olmasın. Ona görə də, Paris bu məsələdə Consona problemlər yarada bilər. Lakin bəllidir ki, burada da əsas söz sahibi ABŞ-dır. Görünən odur ki, Ağ Ev üçün NATO rəhbərliyində Conson kimisinin olması daha məqbuldur. Vaşinqton isə istəyinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etməklə NATO-nun digər üzvlərini əvvəl-axır razı sala bilər. Hər halda, görünən odur ki, Conson istefa versə də, hələ də onun yenidən müxtəlif yüksək postları tutmaq şansları qalmaqdadır.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->