Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Rumıniya İqtisadiyyat, Energetika və Biznes mühiti Nazirliyinin dövlət katibi Nikulae Havrilet deyib.
O bildirib ki, bərpa olunan mənbələrdən alınan enerji böyük potensiala, o cümlədən parnik qazı tullantılarının azaldılması və enerji təchizatının şaxələndirilməsi kimi üstünlüklərə malikdir:
"Rumıniya öz enerji balansında bərpa olunan enerji mənbələrinin payını 2017-ci ildəki 24 faizlə müqayisədə 2030-cu ildə 30,7 faizədək artırmaq niyyətindədir. Biz bilirik ki, Azərbaycan da bərpa olunan və alternativ enerji mənbələrinin ümumi enerji istehlakı balansında payı ilə bağlı ambisiyalı məqsədlər hazırlayıb və ölkədə bir neçə layihə baxılma və ya reallaşdırılma mərhələsindədir".
N.Havrilet qeyd edib ki, Rumıniya külək, su, günəş, geotermal və biokütlə mənbələrindən bərpa olunan enerjinin istifadəsi baxımından böyük potensiala malikdir və vacib layihələr reallaşdırılma və ya qiymətləndirilmə mərhələsindədir.
Dövlət katibi əlavə edib ki, bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir:
"Hər iki ölkədə bu sektorun potensialının istifadəsi üzrə çoxsaylı layihə təklifləri var. Ümid edirik ki, tezliklə azərbaycanlı dostlarımızla müzakirələrimizi həm nazirliklər, həm də şirkətlər səviyyəsində bərpa edəcəyik və bu sahədə tərəfdaşlıq, qarşılıqlı marağa əsaslanan əməkdaşlıq imkanlarından yararlana biləcəyik".
Şərhlər