Xəbər lenti

Ölkə 14:04 17.03.2026

"Bu çox təhlükəli qanun layihəsidir" - Deputatdan layihəyə sərt etiraz

Milli Məclisin bugünkü iclasında müzakirə edilən 9-cu məsələ - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi bir sıra deputatların narazılığına səbəb olub. 

Qaynarinfo-nun məlumatına görə, etiraz edən deputatlardanbiri Nigar Arpadarai olub:
 
"Gözlənilməz səslənsə də, mən qanunun bu maddəsinin əleyhinəyəm. Hesab edirəm ki, bu, çox təhlükəli qanun layihəsidir".

Deputat qeyd edib ki, güclü ailə bizim milli kimliyimizin əsasını təşkil edir:

"Məsələ ondadır ki, bu maddə faktiki olaraq "Pandoranın qutusu"nu açır və ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasındakı münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər. Bu sahədə onsuz da problemlərimiz var və onları həll etmək lazımdır, daha da dərinləşdirmək yox. Bəli deyə bilərsiz ki, bu tip qanunlar 1980-ci illərdən etibarən Avropada və bəzi digər ölkələrdə qəbul olunur və artıq təxminən 70 ölkə bunu edib. Bu doğrudur. Amma həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyətin ağır olduğunu görərsiniz.

Həmin ölkələrin ailələrində olan neqativ halların yaranmasında belə qanunların kifayət qədər böyük rolu var - bu proses qonşulara, müəllimlərə və uzaq qohumlara valideynlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərdiyi barədə, polisə və sosial xidmətlərə müraciət etmək imkanı verən qanunlarla başlayıb.
Heç kim mənə sübut edə bilməz ki, belə yanaşma real fayda gətirir.

Məsələn, bu gün Kaliforniyada məktəbdə valideynin xəbəri olmadan uşağa antidepressantlar təyin oluna bilər. Hətta ona gender disforiyası diaqnozu qoyularaq cinsiyyət dəyişdirmə proseduru başlana bilər. Əgər siz valideyn kimi buna etiraz etsəniz, hətta həbs riski ilə üzləşə bilərsiniz. Avropanın bəzi ölkələrində isə sosial xidmətlər hesab etsə ki, siz uşağınızı hansısa "standartlara” uyğun olmayan dəyərlərlə tərbiyə edirsiniz – məsələn, sizin tərbiyə cinsi azlıqlara münasibətdə "tolerantlıq” prinsiplərinə uyğun deyil – bu halda siz valideynlik hüququnuzu itirə bilərsiniz.

Bunları qorxutmaq üçün demirəm, bunlar reallıqdır. Mən uşaqlarını qorumaq məqsədilə belə ölkələrdən və ştatlardan köçən ailələri tanıyıram. Qeyd etdiyim nümunələrdə olan proseslərə vaxtilə bu kimi qanunlar yol açıb.

Dünyada böyük ideoloji mübarizə gedir və ənənəvi ailə institutu bu mübarizənin hədəflərindən biridir. Bu cür qanun isə bir növ aldadıcı mexanizm rolunu daşıyır. O, uşaqların hüquqlarının qorunması illüziyasını yaratmaq üçün belə təqdim olunur. Lakin əslində sağlam ailələrin uşaqlara verdiyi qorumanı zəiflətməyə və dağıtmağa gətirib çıxarır.

Təbii ki, mən uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Biz tərbiyə məqsədilə fiziki cəzalara qarşı mübarizə aparmalıyıq. Amma bunu, belə problemli qanunu qəbul etməklə deyil, insanların maarifləndirilməsi yolu ilə etməliyik.

Qanunda psixoloji cəza anlayışı da var. Bunu kim müəyyən edəcək? Dövlət minlərlə psixoloq işə götürməlidir ki, valideynlərin uşaqlara psixoloji təzyiq göstərib-göstərmədiyini yoxlasın?Tərbiyənin harada bittiyini və psixoloji təzyiqin başladığını necə müəyyən etmək olar? Bu müddəa praktikada icrası çox çətin olan və müxtəlif sui-istifadələrə yol aça bilən bir yanaşmadır.

Digər tərəfdən, fiziki zorakılığa görə cinayət məsuliyyəti artıq mövcuddur və heç kim valideynləri bu məsuliyyətdən azad etmir.

Mənim fikrimcə, bu qanun Azərbaycan ailəsinin möhkəmləndirilməsi üzrə strategiyamıza ziddir. Uşaqları döymək olmaz – bu tam aydındır. Lakin bunun üçün başqa yollar axtarmaq lazımdır və beynəlxalq lobbi qruplarının təşviq etdiyi mexanizmlərə düşünmədən qoşulmaq düzgün deyil. Belə yanaşmanın tətbiq olunduğu ölkələrdə nəticələr göz qabağındadır– Qərb ölkələrində ailə və uşaq siyasəti sahəsində vəziyyət yaxşılaşmır, əksinə daha da mürəkkəbləşir. Əgər belədirsə, niyə biz onların yolu ilə getməliyik?

Mən bunu həm deputat, həm də ana kimi deyirəm".

Qafqaz Rafiqoğlu
--> -->